04.11.2017

Sumqayıt məktəbliləri elektron oxu mənbələri ilə tanış olublar.

“Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Oxu dostları” klubu layihəsinin iştirakçıları elektron oxu mənbələri ilə tanış olublar.

“Oxu dostları” klubunun iştirakçıları bu həftəki təlimlərdə elektron oxu mənbələri ilə tanış olublar. Onlar oxu mənbələrindən onlayn və oflayn şəkildə istifadə qaydaları ilə tanış olub, bu mənbələrdən istifadə ediblər. Təlimin sonunda aylıq qiymətləndirmə aparılıb. Elektron oxu mənbələri ilə bağlı təlimin növbəti həftələrdən birində Aliyə Əhmədovanın rəhbərliyi ilə davam etdirilməsi nəzərdə tutulub.

“Oxu dostları” klubu layihəsinin başlıca məqsədi şagirdlərin oxuma, yazma və təqdimat bacarıqlarını inkişaf etdirmək, mütaliə vərdişlərini təkmilləşdirməkdir.

Layihə Sumqayıt şəhər İ.Qayıbov adına  1 №-li tam orta məktəbin 3 və 8-ci sinif şagirdlərini əhatə edir.

Ümumilikdə layihə çərçivəsində şagirdlərin oxuma, yazma və təqdimat bacarıqlarını inkişaf etdirmək üçün oxu və yazı bacarıqları üzrə təlimlər keçirilməsi, onların Sumqayıt Şəhər Mərkəzi Uşaq Kitabxanasının heyəti ilə mütəmadi görüş və müzakirələri, seçilmiş əsər üzrə tamaşa hazırlamaları və Sumqayıt Şəhər Poeziya Evində tanınmış uşaq yazıçısı və şairi Zahid Xəlilllə görüşü, Sumqayıt Şəhər Dram Teatrında tamaşanın və yekun hesabatın təqdimatı nəzərdə tutulub.

Fərdi kateqoriyada Aidə Ələkbərovanın rəhbərliyi ilə qalib olmuş layihə öz işini 2017-ci ilin 22 dekabrında başa çatdıracaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.