"Refleksiv müəllim" seminarının növbəti görüşü keçirilib
27 may tarixində Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə ARTİ MDPİM tərəfindən təşkil edilən “Refleksiv müəllim” seminarının növbəti görüşü keçirilib.
Azərbaycan dili fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulan budəfəki seminarda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Mustafayeva “Tezis nədir?” mövzusu üzrə dərs icmalı təqdim edib.
Seminarda təqdim edilən icmal əsasında yazı işinin təşkili prosesində tezis və onun arqumentlərlə əsaslandırılması, planın necə qurulması, müəllimin dərsdə istifadə etdiyi üsullar, tezis və planın müqayisəsi məsələləri ətrafında müzakirələr aparılıb. Mütəxəssislər daha təkmil formada dərs icmalı hazırlamaqla bağlı rəy və tövsiyələr veriblər.
Qeyd edək ki, MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” seminarının keçirilməsi planlaşdırılır.