Xüsusi istedada malik şagirdlər üçün ustad dərsləri davam edir
“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Şagirdlərin yaradıcı peşələrə marağının artırılması” layihəsi çərçivəsində ustad dərsləri davam edir.
Bakı şəhəri Binəqədi rayonu Namiq Fərəczadə adına 100№-li tam orta məktəbin şagirdlərinin qatıldığı ustad dərslərinin tədrisinə müvafiq sahələr üzrə profesional mütəxəssislər cəlb edilib. Ustad dərslərin yüksək səviyyədə aparılması, otaqların lazımi ləvazimatlarla təchiz edilməsi, fəaliyyət üçün əlverişli şərait və mühitinin təmin edilməsi üçün layihə çərçivəsində bütün lazımi tədbirlər görülüb.
Layihənin məqsədi Namiq Fərəczadə adına 100№-li tam orta məktəbin texnoloji sahədə xüsusi istedada malik olan şagirdləri seçmək, onları peşə istiqamətinə yönləndirmək və bu sahəyə maraqlarını artırmaqdan ibarətdir.
Qeyd edək ki, layihənin gedişatında yaradıcı şagirdlərin seçilərək biliklərinin təkmilləşdirilməsi üçün yaradıcı peşələr üzrə ustad dərsləri təşkil edilməsi, tədrisdə əldə etdikləri bilikləri gələcək yaradıcı şagirdlərə ötürmələrinin və ustad dərslərinin davamlılığını təmin edilməsi nəzərədə tutulub.
Layihə çərçivəsində ustad dərslər 4 texnoloji sahəyə (dərzi-toxucu, rəssam-heykəltəraş, modelyer dizayner və dekorativ tətbiqi sənət) əsasən yaradılmış qruplar üzrə aparılır. Qrupların hər birində 10 nəfər olmaqla, cəmi 40 nəfər xüsusi istedada malik yaradıcı şagirdlər iştirak edir. Dərsləri hər qrup üzrə həftədə iki dəfə olmaqla keçirilir.
Maral Cabbarovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 2 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.