07.06.2022

ARTİ MDPİM tərəfindən təşkil edilən "Refleksiv müəllim" seminarları davam edir

ARTİ MDPİM tərəfindən təşkil edilən “Refleksiv müəllim” seminarı bu dəfə metodik dəstək göstərilən 38 nömrəli tam orta məktəbdə təşkil edilib.

3 iyun tarixində ingilis dili fənnini tədris edən müəllimlər üçün keçirilən seminarda məktəbin ingilis dili müəllimi Sona Abbasova VI sinif dərsliyində olan “Story Time” mövzusu üzrə dərs icmalı təqdim edib. 

Seminarda əvvəlcə təqdim edilən icmala baxış keçirilib. Sonra icmal əsasında “Story Time” dərsinin əsas məqsədi olan mətn vasitəsilə yeni sözlərin necə öyrədilməsi, müəllimin bu dərsdə istifadə etdiyi fərdi, cütlərlə, kiçik qruplarla və bütün siniflə birgə iş formaları, rubrik vasitəsilə şagirdlərin necə qiymətləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. Seminar ərzində mütəxəssislər daha təkmil formada dərs icmalı hazırlamaqla bağlı rəy və tövsiyələr veriblər.

Qeyd edək ki, MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” seminarının keçirilməsi planlaşdırılır.