07.06.2022
"AzTU-da prioritet mühəndislik ixtisasları üzrə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması" layihəsi çərçivəsində təlimlər başa çatıb
Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Texniki Universiteti tərəfindən icra edilən “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində ARTİ-nin təşkilatçılığı ilə 16 may – 3 iyun tarixlərində keçirilən təlimlər başa çatıb. Təlimlərin əsas məqsədi AzTU-nun akademik və inzibati heyətinin elmi-tədqiqat potensialının artırılmasından ibarətdir.
Layihə çərçivəsində aşağıdakı mövzularda təlimlər keçirilib:
• Elmi məqalə yazılması qaydaları;
• Elmi işlərin yazılmasında modern yanaşmalar;
• Tədqiqat metodları: Kəmiyyət metodları;
• Tədqiqat metodları: Keyfiyyət metodları;
• Beynəlxalq indeksli jurnallarda məqalə nəşr edilməsi qaydaları.
İştirakçılar Mühəndis fizikası və elekronika, Kompüter texnologiyaları və kibertəhlükəsizlik, İqtisadiyyat və statistika, Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi, Beynəlxalq ticarət, Logistika və marketinq, Mühəndis riyaziyyatı və süni intellekt, Radioelektron və aerokosmik sistemləri, Avtomatika və idarəetmə, digər kafedralar və struktur bölmələrin əməkdaşlarından ibarət olub.
Təlimçi qismində ARTİ-nin Təhsildə strateji tədqiqatlar şöbəsinin əməkdaşları Könül Abaslı, Leyla Sultanlı, Heydar Rzayev və Xəzər Universitetinin əməkdaşı və müəllimi Cavid Cəfərov iştirak ediblər.
Yekunda 20 nəfər təlimlərdə uğurlu iştirakına görə sertifikat qazanıb.