08.06.2022
Məktəblərdə uşaq müdafiəsi və təhlükəsizliyi mövzusunda maarifləndirici tədbirlər keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ və Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə çərçivəsində maarifləndirici tədbirlər baş tutub.
İlk öncə Bakı şəhəri üzrə seçilmiş 25 pilot məktəbdə direktor, direktor müavinləri, məktəb psixoloqu, müəllim və valideyndən ibarət uşaq müdəfiəsi və təhlükəsizliyi (UMT) komandaları yaradılıb. Ümumilikdə, 108 nəfərdən ibarət olan UMT komandaları ARTİ, BŞTİ, ADPU-nun baş təlimçiləri tərəfindən uşaq müdafiəsi və təhlükəsizliyinə dair ilkin anlayışlar, konsept və prosedurlar, eləcə də mexanizmə aid siyasətlər və əsas işləmə prinsipləri kimi mövzularda təlimləndirib. Təlimlər zamanı nəzəri biliklərlə yanaşı, UMT üzvləri müxtəlif praktiki məşğələlərin köməyi ilə müvafiq sahədə bacarıqlarını da gücləndirib.
Təlimləndirilmiş UMT komandaları may ayından etibarən seçilən 25 pilot məktəbdə öz fəaliyyətlərinə başlayıb. Belə ki, komandalar məktəblərdə yaradılan mexanizm haqqında məktəb heyəti və valideynlər üçün maarifləndirici görüşlər keçirib. Ümumilikdə, keçirilən görüşlərdə 974 sinif rəhbəri və 4600-a yaxın valideyn uşaq təhlükəsizliyi konseptini mənimsəyib, yaradılan mexanizmin mahiyyətini və önəmini anlayıb.
Qeyd edək ki, hazırda sinif rəhbərləri hazırlanan materiallar əsasında sinif mühitində 27,829 şagirdə uşaq təhlükəsizliyi konsepti və yaradılan mexanizm haqqında məlumat verir, uşaqların özlərini təhlükədə hiss etdikləri zaman atmalı olduqları addımlar barədə onları maarifləndirir. Bildirək ki, bu tədbirlər cari tədris ilinin sonunadək davam edəcək.