10.06.2022

AzTU-nun "SABAH Magistratura" tələbələrinin "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Stansiyasına səfəri

7 iyun 2022-ci il tarixində ARTİ-nin təşkilatçılığı ilə AzTU-nun “SABAH Magistratura” proqramının “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə təhsil alan bir qrup tələbəsi “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Stansiyasına səfər edib.

Biləcəri Stansiyasının rəhbəri Elmar Məmmədov tələbələri stansiyanın sxemi ilə tanış edib və onlara görülən işlər barədə ətraflı məlumat verib. O, vurğulayıb ki, bu sahədə uğur qazanmaq üçün ilk pillədən başlayaraq işə tam şəkildə yiyələnmək vacibdir.

Səfərin proqramı barədə məlumat əldə etdikdən sonra tələbələr lokomotiv ilə stansiya ərazisində gəzintiyə yollanıblar. İlk olaraq səfər iştirakçılarına qatarların gediş-gəlişinə nəzarət və onların qeydiyyata alınması, dispetçerlərin iş prosesi əyani olaraq nümayiş etdirilib. Sonra tələbələr yuyucu-buxarlayıcı stansiyada vaqonların necə təmizləndiyini izləyiblər. Son stansiyada isə tələbələrə fövqəladə hallar baş verən zaman atılan addımlar izah edilib və vaqonların təmir olunması prosesi göstərilib.

Qeyd edək ki, Biləcəri Stansiyasına təşkil edilən bu dərsdənkənar fəaliyyətdə iştirak edərək tələbələr auditoriya daxilində qazandıqları bilik və bacarıqları praktiki cəhətdən möhkəmləndiriblər.