14.06.2022

ARTİ tərəfindən coğrafiya fənni üzrə seminar təşkil edilib

ARTİ-nin MİQ və Sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə təşkil etdiyi seminarlar davam edir.

10 iyun tarixində 240 nömrəli tam orta məktəbdə coğrafiya fənni üzrə seminar təşkil edilib.  Seminarın təşkilatçısı ARTİ MDPİM-in əməkdaşı Turan İslam giriş nitqi ilə çıxış edərək iştirakçılara görüşün planını təqdim edib.

Sonra BDU-nun müəllimi Mahir Sərkərli coğrafiya fənni üzrə çərçivə sənədi ilə bağlı izahat verib. 

Ardınca ARTİ MDPİM-in Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova coğrafiya fənni üzrə imtahana salınacaq fənyönümlü metodika sualları ilə bağlı iştirakçılara məlumat verib.

“Əməkdar müəllim” fəxri adına layiq görülmüş Bakı şəhəri 2 saylı tam orta məktəbin coğrafiya müəllimi Şərafət Hüseynova coğrafiya ixtisası üzrə müəllimlərin işə qəbulu imtahanında iştirak edənlərin hazırlıq səviyyəsinə qoyulan tələblərlə seminar iştirakçılarını tanış edib.

Coğrafiya müəllimləri Əli Həsənov və Ramil Rzayev əvvəlki illərdə imtahanlarda istifadə olunan suallardan nümunələr təqdim ediblər. Eyni zamanda təqdim olunan nümunələr əsasında həmin sualların hansı bilik və bacarıqların ölçülməsinə əsaslandığını diqqətə çatdırıblar.

Seminar iştirakçıları maraqlandıran suallar ətrafında davam etdirilib. AMEA-nın elmi işçisi Elvin Soltanov görüş iştirakçılarının istəyinə uyğun olaraq onlar tərəfindən ünvanlanan suallara aydınlıq gətirib və tapşırıqların mümkün həll yollarını izah edib.

Yekunda Ramil Rzayev Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əlaqədar qəbul proqramlarına daxil edilən yeni iqtisadi rayonlar mövzusu üzrə sualların məzmunu ilə bağlı iştirakçılara məlumat verib.

Qeyd edək ki, müəllim və müəllimliyə namizəd şəxslərə dəstək məqsədilə mütəmadi olaraq ayrı-ayrı fənlər üzrə seminarların keçirilməsi planlaşdırılır.