04.11.2017

Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyi ilə bağlı növbəti təlimlər keçirilib

“Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Şagirdlərin imtahanöncəsi  psixoloji gərginliyinin azaldılmasına dəstək" layihəsi çərçivəsində növbəti təlimlər keçirilib.

Noyabrın 4-də E.Məmmədov adına İsmayıllı rayon 3 nömrəli tam orta məktəbdə keçirilən təlimdə məktəb-liseyin direktoru əməkdar müəllim Əhmədağa Ələkbərov, İsmayıllı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, əməkdar müəllim Şəfaqət Rasulov, təlimçi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Leyla Babayeva, məktəb-liseyin psixoloqu H.Zeynəb və 11-ci sinif şagirdləri iştirak ediblər. Təlimə 1 saylı məktəbin azərbaycan və rus bölmələrinin könüllüləri  A.Səfərova, A.Piriyev, A.Ülkər, Q.Məhəmmədəli də qatılıb.

Təlim məktəbin abituriyentləri üçün imtahanöncəsi gərginlikdən necə  can qurtarmaq barəsində maraqlı disskussiya, yarış və oyunlardan təşkil olunub. Təlim zamanı  şagirdlər üçün vizualizasiya yolu ilə keçirilən “10 il sonra Mən” başlıqlı  fəaliyyət onlarda böyük maraq yaradıb. Daha sonra əvvəlcədən keçirilmiş və psixoloq  rəyi əsasında müəyyən olunmuş həyəcan və təşviş sorğusunun nəticələrinə görə daha çox həyəcana malik olan abituriyentlərlə müvafiq iş aparılıb.

Buna qədər layihə çərçivəsində 26 oktyabrda layihədə iştirak edəcək  şagirdlərlə həyəcan və təşvişin ilkin diaqnostikası, psixoloji test -sorğu keçirilib. 28 oktyabrda  1 saylı tam orta məktəbdə ilk təlim, 31 oktyabrda isə 7 saylı məktəbdə təlim keçirilib. İsmayıllı rayon 7 nömrəli tam orta məktəbdə baş tutan təlimdə  layihə rəhbəri Pərvanə Piriyeva, məktəbin direktoru, fəlsəfə doktoru Etibar Abdulov, layihənin tərəfdaşı “Qadınlar Cəmiyyətin İnkişafına dəstək” İB-nin sədri Şirinbəyim Atayeva, psixoloqu Nizamova Sürəyya, könüllülər Jalə Qanızadə və A.Piriyev, həmin məktəbin buraxılış sinif şagirdləri iştirak ediblər.

Layihə çərçivəsində növbəti təlimin 11 noyabrda İsmayıllı rayonu 5 saylı tam orta məktəbdə keçirilməsi nəzərdə tutulub. Təlimin mövusu “11-ci sinif şagirdlərinin intahanöncəsi vəziyyəti” olacaq. Təlimə 5 nömrəli tam orta məktəbin 11-ci  şagirdləri cəlb olunacaq.

Fərdi kateqoriyada İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Pərvanə Piriyevanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.