17.06.2022

Şagirdlərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanmış “Partlayıcı Sursatların Təhlükəsi barədə Ailə və Uşaqların Maarifləndirilməsinə dair 2021-2022-ci illər üçün Birgə Fəaliyyət Planı”na əsasən Avropa İttifaqının humanitar maliyyə dəstəyi ilə ARTİ tərəfindən həyata keçirilən “Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə təlim proqramı” adlı layihə çərçivəsində işlər davam edir.

Şagirdlərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsini, bu yöndə pedaqoji işin təşkilini və keyfiyyətini yoxlamaq məqsədi ilə layihənin icra olunduğu 10 rayon üzrə ümumilikdə 80 müəllimlə dəyirmi masa görüşləri keçirilib, fokus qrup müzakirələr (FQM) aparılıb. Sözügedən layihə çərçivəsində müəlimlər üçün təşkil olunan təlimlərin faydalığı, mina və digər partlayıcı sursatlar mövzusunda maarifləndirmə işinin tədris edilən fənlə əlaqələndirilməsi və mövzulara inteqrasiyası, dərsdənkənar fəaliyyətlərin aparılması və digər məqamlar görüşlər zamanı müzakirə olunub.     

Eyni zamanda, müdavimlərin əldə etdikləri biliklərin tətbiq keyfiyyətini yoxlamaq məqsədilə dərsdinləmələri həyata keçirilib. Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, Tərtər və Xocavənd rayonlarında pedaqoji fəaliyyət göstərən müəllimlərin dərsləri mütəxəssislər tərəfindən MS Teams platforması vasitəsilə onlayn qaydada monitorinq olunub. Partlayıcı sursatların təhlükəsinə dair müəllimlərin bilik səviyyəsi, bu mövzuda tədrisin keyfiyyəti və şagirdlərin yeni əldə etdikləri biliklərin mənimsənməsi müşahidə edilərək qiymətləndirilib.

Bildirmək vacibdir ki, “Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə təlim proqramı” layihəsi çərçivəsində bugünədək ümumilikdə 17,272 şagird 508 müəllim tərəfindən maarifləndirilib.