tehsilim.edu.az sərbəst öyrənmə portalının tyutorları
ARTİ tərəfindən tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes, innovasiyalarla bağlı onlayn kurslara tələbə qəbulu elan edilir.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ARTİ tərəfindən həyata keçirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” və “Sahibkarlıq təhsili və startap” adlı onlayn kurslara tələbə qəbulu elan edilir. Onlayn kurslar Azərbaycan dilində ödənişsiz şəkildə təklif olunur. Kurslar doktorantlar, tələbələr, tədqiqatçılar, müəllimlər və ali təhsil müəssisələrində müvafiq struktur bölmələrin əməkdaşları üçün nəzərdə tutulub. Aşağıda sözügedən kursların tyutorları haqqında geniş məlumat əldə edə bilərsiniz.
Elmar Əsgərzadə
Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi ixtisasının bakalavr üzrə məzunudur. Həmtəsisçisi olduğu startap ilə ABŞ-ın Qlobal İnnovasiya, Elm və Texnologiya təşəbbüsü çərçivəsində Hyuston və Vaşinqton şəhərlərində biznes inkubasiya proqramının və “Climate-KIC” tərəfindən təşkil olunan “Maritime Climaccelerator” proqramının iştirakçısı olub. Hal-hazırda həmtəsisçisi olduğu startap şirkətində və Bakı Ali Neft Məktəbinin İnnovasiya və tədqiqatlar mərkəzində fəaliyyət göstərir. 2020-ci ildə innovasiya və sahibkarlıq istiqamətində gənclər üçün Prezident mükafatına layiq görülüb. Elmar Əsgərzadə tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan “Sahibkarlıq təhsili və startap” adlı onlayn kursa tyutorluq edərək tələbələrin öyrənmə fəaliyyətlərini dəstəkləyəcək.
Elnur Kərimov
Elnur Kərimov 2016-cı ildə Dövlət İdarəçilik Akademiyasında Hüquq üzrə bakalavr təhsilini başa vurduqdan sonra 2018-ci ildə Türkiyənin Marmara Universitetindən Özəl hüquq üzrə və 2021-ci ildə Yaponiyanın Kyushu Universitetindən Beynəlxalq iqtisadi və biznes hüququ üzrə magistr dərəcəsi alıb. Hazırda Yaponiyanın Kyushu Universitetinin Hüquq üzrə doktorantıdır. Yaponiyanın MEXT Tədqiqat Proqramının 2020-ci ildən bəri təqaüdçüsüdür.
“Rənglərin əmtəə nişanı kimi mühafizəsi” mövzusunda türk dilində bir kitabın və əqli mülkiyyət hüququ, informasiya texnologiyaları və investisiya arbitrajı mövzularında Azərbaycan, Türkiyə, Polşa və İngiltərədə müxtəlif jurnal və kitablarda yayımlanan Azərbaycan, türk və ingilis dillərində 12 məqalənin müəllifidir. Təhsil aldığı müddətdə Türkiyə, Rumıniya, İndoneziya və Yaponiyada keçirilən bir sıra elmi konfranslarda təqdimatçı kimi çıxış edib.
Elnur Kərimov 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq İnternet İdarəçiliyi Forumunda gənc səfir kimi Azərbaycanı təmsil edib. “LeGalaxy Azerbaijan” hüquqi resurs mərkəzi və bloq vebsaytının yaradıcısı və yazarıdır. Elnur Kərimov tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” adlı onlayn kursa tyutorluq edərək tələbələrin öyrənmə fəaliyyətlərini dəstəkləyəcək.
İnqilab Şahbazov
İnqilab Şahbazov ixtisasca sosioloq olub, Sosial Tədqiqatlar Mərkəzinin İctimai rəyin öyrənilməsi departamentinin baş məsləhətçisi kimi çalışır. O, 2012-ci ildə İngiltərənin Şeffild Universitetinə daxil olaraq, sosiologiya üzrə bakalavr təhsili daha sonra isə 2015-16-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Ədliyyə sistemi və kriminologiya üzrə magistratura təhsili alıb.
İnqilab Şahbazov Kembric Universitetində 2022-2023-cü ildən etibarən başlayan doktorantura üzrə “MPhil in Criminology” ixtisasına qəbul olub.
Bu günə kimi onun 7 məqaləsi “Science Direct və Web of Science” informasiya portallarında nəşr edilib. Müəllifi olduğu ''Tədqiqat Metodları'' (2019) kitabı 5-dən çox ali təhsil müəssisəsində dərslik kimi istifadə edilir. Bununla yanaşı, İnqilab Şahbazov sosial tədqiqatlar sahəsində dünyanın ən nüfuzlu sertifikatlarından olan “Market Research Society Advanced Certificate in Market and Social Research Practice” sertifikatının sahibidir. Tedqiqat.com adlı saytın ideya müəllifidir. İnqilab Şahbazov tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan “Elmi işlərin yazılması və nəşri” adlı onlayn kursa tyutorluq edərək tələbələrin öyrənmə fəaliyyətlərini dəstəkləyəcək.
Müşərrəf Məmmədova
Müşərrəf Məmmədova bakalavr təhsilini Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimliyi” üzrə alıb. Daha sonra 2014-cü ildə o, ADA Universitetində Diplomatiya və beynəlxalq münasibətlər fakültəsində magistr təhsili alıb. Magistr təhsili müddətində 2015-ci ildə Litvada Vitatus Maqnus Universitetində mübadilə proqramında iştirak edib. 2016-cı ildə o, ADA Universitetində İnformasiya texnologiyaları və mühəndislik fakültəsində akademik məsləhətçi olaraq çalışıb. Eyni zamanda BP Azərbaycan və ADA Universitetinin birgə layihəsi olan “Big Data” mərkəzinin də layihə koordinatoru olub. O, ADA Universitetində “2020-nin Top Bacarıqları” və “Nitq mədəniyyəti və inandırma bacarıqları” fənlərini tədris edib. O, “İnklüziv təhsil”, “STEAM Azərbaycan”, “Rəqəmsal bacarıqlar” layihələrində müxtəlif vəzifələrdə çalışıb. Hal-hazırda ARTİ-də Peşə və ömürboyu təhsil şöbəsində fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan-Fransız Universitetində “Azərbaycan Respublikası Konstitusiyası” fənnini tədris edir. Bir çox yerli və xarici jurnallarda elmi məqalələri nəşr olunub. Müşərrəf Məmmədova tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan “Tədqiqat metodologiyası, təcrübələr və layihələr” adlı onlayn kursa tyutorluq edərək tələbələrin öyrənmə fəaliyyətlərini dəstəkləyəcək.
Rəhilə Kərimova
Rəhilə Kərimova 2010-cu ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və kibernetika fakültəsinin bakalavr pilləsini İqtisadi kibernetika ixtisası üzrə bitirib. 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ekonometriya və statistika fakültəsinin Ekonometriya ixtisası üzrə magistr pilləsini bitirib. 2020-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun Ekonometriya ixtisası üzrə doktorantıdır. 2013-2021-ci illərdə Belçika Krallığındakı Avropa Komissiyası və Azərbaycan Respublikasındakı Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi (Aİ) kimi beynəlxalq təşkilatlarda məsləhətçi vəzifəsində çalışıb. 2021-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində “SABAH” mərkəzində Ekonometriya fənni üzrə, Azərbaycan Texniki Universitetində isə “SABAH” Magistratura qruplarında Statistika fənni üzrə müəllim vəzifəsində çalışır. Rəhilə Kərimova tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan “Verilənlərin toplanması, təhlili və idarə edilməsi” adlı onlayn kursa tyutorluq edərək tələbələrin öyrənmə fəaliyyətlərini dəstəkləyəcək.