23.06.2022

"Optimal Solutions" MMC-nin təlim mərkəzi tərəfindən keçirilən təlimlər davam edir

ARTİ-nin doktorantları və tədqiqatyönümlü şöbələrinin əməkdaşlarının akademik tədqiqat haqqında bilik və bacarıqlarının artırılması məqsədilə “Optimal Solutions” MMC-nin təlim mərkəzi tərəfindən keçirilən təlimlər davam edir.

Layihənin əsas məqsədi Azərbaycanda təhsil sahəsində yüksək keyfiyyətli tədqiqatlarının artmasına nail olmaqdır. Təlimlərin ümumilikdə 20 nəfərdən ibarət 2 qrup üçün “Tədqiqat metodları”, “Akademik yazı” və “Statistik və analitik təhlil” modullarından ibarət olması nəzərdə tutulub.   

16 may tarixində başlayan “Akademik yazı” modulu 10 iyun tarixində başa çatıb.

Təlimləri “Optimal Solutions” MMC-nin təlimçisi və eyni zamanda ADA Universitetinin baş müəllimi Lalə Cumayeva tədris edib. Sonda təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim olunub. 

Qeyd edək ki, layihə çərçivəsində təlimlər yekunlaşdıqdan sonra iştirakçıların tanınmış beynəlxalq jurnallarda nəşr olunmaq məqsədilə məqalələr yazması üçün mentorluq fəaliyyətinin göstərilməsi də nəzərdə tutulub.

Nəzərinizə çatdıraq ki, “Statistik və analitik təhlil” modulu payız aylarında başlanması gözlənilir.