"Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihə
Uşaq müdafiəsi və təhlükəsizliyi anlayışı nədir? Uşaq müdafiəsi və təhlükəsizliyi ilə bağlı narahatlıqlar yarandıqda hansı addımlar atılmalıdır? Uşaq müdafiəsi və təhlükəsizliyi sahəsində təhsilverən və təhsilalanların rolu və öhdəlikləri nədən ibarətdir? Bakı şəhəri üzrə 25 məktəbin pedaqoji heyəti, şagird və onların valideynləri bu kimi sualların cavablarını keçirilən maarifləndirici görüşlər zamanı əldə ediblər.
Bildirək ki, ARTİ-nin Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə birlikdə həyata keçirdiyi “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə çərçivəsində Bakı şəhəri üzrə 25 ümumtəhsil müəssisəsində uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi tətbiq olunmağa başlanıb. Yaradılan mexanizmin və onun əsas prinsiplərinin mənimsədilməsi, buradan irəli gələn vəzifə və öhdəliklərin, həmçinin uşaqların təhlükəyə məruz qaldıqları hallarda atılmalı olan lazımi addımların öyrədilməsi məqsədilə hədəf qruplar üçün maarifləndirici tədbirlər təşkil edilib. Nəticədə, 25 məktəb üzrə 974 sinif rəhbəri, 4,572 valideyn və 27,584 şagird mövzu ilə bağlı maarifləndirilib. Aparılan müşahidələrə əsasən, yeni mexanizmin şagirdlər və onların valideynləri tərəfindən maraqla qarşılandığı məlum olub.
Qeyd edək ki, adıçəkilən layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planına əsasən icra olunur.