Gəncədə sertifikasiya imtahanı ilə əlaqədar ibtidai sinif müəllimləri ilə görüş keçirilib
27 iyun 2022-ci il tarixində Gəncədə 10 nömrəli tam orta məktəbdə sertifikasiya imtahanı ilə əlaqədar ibtidai sinif müəllimləri ilə görüş keçirilib.
Görüşün məqsədi sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirməkdən ibarət olub.
Görüşün əvvəlində ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edərək imtahanın məqsədi haqqında ətraflı məlumat verib.
İRM-in direktoru Nurlan İsmayılbəyli imtahanın təşkili qaydaları ilə bağlı sualları cavablandırıb.
MDPİM-in direktoru Nəzakət Mehdiyeva isə imtahana hazırlaşmaq üçün mənbələr haqqında danışıb.
Daha sonra Bakı Avropa Liseyinin müəllimi Pərvinə Qədimova və 20 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülüstan Vəliyeva tərəfindən imtahanın ixtisas üzrə məzmunu, MDPİM-in Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova tərəfindən isə pedaqogika və metodika üzrə məzmunu şərh edilib.
Görüşdə ARTİ-nin direktoru Rüfət Əzizov, MDPİM-in direktoru Nəzakət Mehdiyeva, İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev iştirak edib.
Görüş müzakirə və sual-cavab formatında keçirilib. Müəllimlər bu cür görüşlərin onlar üçün faydalı olduğunu qeyd edərək təşkilatçılara təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, görüş 2 sessiyada və hər birində 200 nəfərə yaxın müəllim olmaqla keçirilib və bu tip görüşlərin mütəmadi olaraq sertifikasiya imtahanı keçiriləcək digər regionlarda da təşkili nəzərdə tutulur.