28.06.2022

Şəki şəhərində ilk Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə start verilib

ARTİ və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə iyunun 27-də Şəki şəhərində ilk Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə start verilib. 

Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 30 müəllim qatılıb. Keçirilən düşərgədə müəllimlər Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmələr barədə daha ətraflı məlumat alır, tədqiqat metodologiyaları və nümunə suallarla tanış olurlar. Eyni zamanda iştirakçılar şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin real həyatda tətbiqi, yaradıcı düşüncə bacarıqlarının rolu, eləcə də ev mühiti, məktəb mühiti, sosial-iqtisadi vəziyyət və s. amillərin şagirdlərin öyrənməsində rolu barədə məlumat əldə edirlər. 

Düşərgənin əsas məqsədi təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdir.

Qeyd edək ki, Beynəlxalq Qiymətləndirmə Düşərgəsi iyunun 29-a kimi davam edəcək. Sonda iştirakçılara sertifikat təqdim ediləcək.