RFO qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
İyunun 30-da Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev qalibləri təbrik edərək istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Şagirdlərimizin olimpiada nailiyyətlərinin tarixindən danışan Emin Əmrullayev digər ölkələrdə innovativ sahələr üzrə keçirilən yarışların ölkəmizdə də təşkilinin vacibliyinə toxunub.
Emin Əmrullayev çıxışının sonunda olimpiadanın təşkilində dəstək olan hər kəsə təşəkkür edib, bütün qalibləri bir daha təbrik edib və onlara uğurlar arzulayıb.
Qeyd edək ki, olimpiadaların nəticələrinə əsasən 186 şagird bürünc, 139 şagird gümüş, 72 şagird isə qızıl medal qazanıb.
Mərasimdə RFO-da hər fənn üzrə ən yüksək nəticə göstərən 9 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə mükafatlar təqdim olunub.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Nəzərinizə çatdıraq ki, RFO “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.