18 iyul tarixində ən böyük yerli startap və innovasiyalar tədbiri olan "Baku ID" baş tutub
Ölkənin ən gənc akselerasiya mərkəzlərindən biri olan “SABAH.lab”ın təşkilatçılığı və “Kapital Bank”ın baş sponsorluğu ilə ən böyük yerli startap və innovasiyalar tədbiri olan “Baku ID” həyata keçib.
Tədbirdə ən güclü olan startap layihələrin həm yerli, həm də əcnəbi investorlara təqdim olunması ilə yanaşı, innovasiyalar ekosisteminin gələcəyi bu ekosistemin tanınmış ekspertləri ilə müzakirə edilib. Qeyd edək ki, tədbirin təşkilatçıları arasında Azərbaycan Respublikası Təhsil Nazirliyi və ARTİ yer alır.
Tədbirə həm yerli, həm də Yaponiya, Sinqapur, ABŞ, İsrail, Türkiyə, Qazaxıstan kimi ölkələrdən 80-dən çox investor cəlb olunub.
Tədbir zamanı investorlara 21 rezident və 3 seçilmiş startapdan ibarət toplam 24 yerli startap layihə təqdim olunub. Onlar arasında təhsil, tibb, moda, insan resursları texnologiyaları, elektron ticarət və marketinq platformaları, NFT və Blokçeyn texnologiyaları kimi növbənöv sahələrdən layihələr mövcuddur. Növbəti gün “SABAH.lab” ofisində startap komandalarla investorlar arasında görüşlər baş tutub. Hal-hazırda danışıqlar prosesi gedir və layihələrin əksəriyyətinə investisiya cəlb olunması gözlənilir.
“Baku ID” tədbiri digər məqsəd olan innovasiyalar ekosisteminin müzakirəsini də həyata keçirib. Panel diskussiyalarında bu ekosistemə töhfə verən həm yerli həm də beynəlxalq tanınmış ekspertlər çıxış edərək innovasiyalar ekosisteminin inkişaf etdirilməsi ilə bağlı öz fikirlərini bölüşüb. Müzakirələrə IE Biznes Məktəbi, Harvard və Stenford Universitetlərinin professorları moderatorluq edib.
Ümumilikdə, tədbirdə 1000-dən çox qonaq iştirak edib. Onlar arasında nazirlər və dövlət rəsmiləri, beynəlxalq startap ekosisteminin üzvləri və startap dünyasına marağı olan hər kəs yer alıb.
Tədbir ölkənin birinci və ən böyük müştəri bazasına sahib bankı olan “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçib. Həmçinin BP, Qala Sığorta və Qala Həyat kimi nüfuzlu şirkətlər də tədbirin sponsorları arasında olub. Onu da vurğulayaq ki, tədbirin həyata keçməsində tədbir tərəfdaşları: “Avropa Birliyinin Gənc Sahibkarları Təşkilatı”, “Seedstarts”, “Technovate x SABAH Mələk İnvestorlar Klubu”, “Startup Grind”, “Avropanın Yenidənqurma və İnkişaf Bankı”, “UNDP”, “Startup Centrum”, “GEN Azərbaycan” və “Tech.az” öz dəstəklərini göstərib.
Bugünə qədər “SABAH.lab” startap ekosisteminin inkişafına töhfə vermək məqsədilə “Yarat” və “Sürət” proqramlarını həyata keçirərək həm sahibkarlığa doğru ilk addımını atanlara həm də öz startapını daha da inkişaf etdirib yatırım yönümlü hala gəlməsi üçün çalışan hər kəsə dəstək olub. Hər 2 proqramdan toplam 21 rezident startap “SABAH.lab”ın akselerasiyasından məzun olub.
Mərkəzin akselerasiya proqramları Avropanın sahibkarlıq təhsili üzrə ən nüfuzlu təhsil müəssisəsi olan IE Biznes Məktəbinin tərəfdaşlığı ilə həyata keçib. Həmçinin, ABŞ-da fəaliyyət göstərən vençur kapital fondu olan “Starta VC” bu proqramların həyata keçməsində öz dəstəyini göstərib.
Sonda qeyd edək ki, “SABAH.lab” hal-hazırda qapılarını yenidən startapını qurmaq və inkişaf etdirmək istəyənlərə açıb. Ötən aydan etibarən mərkəz özünün ilk inkubasiya proqramına qeydiyyatı açıq elan edib. Sentyabr ayından etibarən inkubasiya proqramının başlaması gözlənilir. Nəzərinizə çatdıraq ki, proqram yenidən IE Biznes Məktəbinin tərəfdaşlığı ilə həyata keçiriləcək.