28.07.2022

Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə start verilib

ARTİ və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 28-də Lənkəran şəhərində Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə start verilib.  

Düşərgəyə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 35 müəllim qatılıb. Keçirilən düşərgədə müəllimlər Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmələr barədə daha ətraflı məlumat alır, tədqiqat metodologiyaları və nümunə suallarla tanış olurlar. İştirakçılar şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin real həyatda tətbiqi, yaradıcı düşüncə bacarıqlarının rolu, eləcə də ev mühiti, məktəb mühiti, sosial-iqtisadi vəziyyət və s. amillərin şagirdlərin öyrənməsində rolu barədə məlumat əldə edirlər.  

Düşərgənin əsas məqsədi təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, onların qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində iştirakını təmin etməkdir. 

Qeyd edək ki, Beynəlxalq Qiymətləndirmə Düşərgəsi iyulun 30-na kimi davam edəcək. Sonda iştirakçılara sertifikat təqdim ediləcək.