Lənkəranda baş tutan Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə yekun vurulub
30 iyul tarixində ARTİ və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəranda baş tutan Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə yekun vurulub.
3 gün ərzində davam edən düşərgədə əsas məqsəd müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmə tədqiqatlarının vacibliyini vurğulamaq, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdən ibarət olub.
Düşərgədə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 35 müəllimi iştirak edib. Onlar müxtəlif araşdırma və müzakirələrə cəlb olunmaqla PISA, PIRLS, TIMSS, ICILS və TALIS yönümlü mətn və tapşırıqların hazırlanması metodikaları ilə tanış olub. Eyni zamanda, düşərgə iştirakçıları müvafiq səriştələri ölçməyə imkan verən tapşırıq nümunələri hazırlayıb və konstruktiv rəylər əsasında həmin tapşırıq nümunələrini inkişaf etdirmək imkanı əldə ediblər.
Günün sonunda iştirakçılar onlayn sorğu vasitəsilə düşərgə barədə rəy və təkliflərini bölüşüb. Sonda iştirakçılar sertifikatla təltif olunub.
Bənzər beynəlxalq qiymətləndirmə düşərgələrinin digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur.