25.10.2017

"Gənc ixtiraçı və səmərələşdirici mərkəzi" layihəsinin təqdimat mərasimi olub

Oktyabrın 25-də “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş "Gənc  ixtiraçı və  səmərələşdirici  mərkəzi” layihəsinin təqdimat mərasimi olub.

Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 saylı tam orta məktəbdə  baş tutan təqdimat mərasimində məktəbin direktoru Adil Kərimov layihənin məzmunu  haqqında şagirdlərə məlumat verərək qeyd edib ki, belə bir layihənin məhz 8 saylı tam orta məktəbdə icra edilməsi məktəb şagirdlərinin intellektual, yaradıcı, natiqlik və bu kimi digər bilik və bacarıqlarının aşkara çıxarılmasında, həmçinin onların gələcəkdə ixtisaslı kadr olaraq yetişməsində böyük rol oynayacaq. Direktor Sentyabr ayında ölkə prezidenti cənab  İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda gənclərin gələcək inkişafı  ilə bağlı bir sıra vacib müddəların öz əksini tapdığını bildirib. Adil müəllim həmçinin Dövlət proqramında gənclərlə bağlı bir neçə yeni istiqamətlərin də əlavə edildiyini və bu gün təqdim edilən layihənin də məhz bu sahədə xüsusi tövhə verəcəyini qeyd etib.

A. Kərimov layihənin əsasən aşağıdakı istiqamətlərdə həyata keçiriləcəyini  qeyd edib:

-“İstedad Bankı”nın  yaradılması;

-İstedadlı şagirdlərin Azərbaycan dili, İngilis dili və Riyaziyyat fənnlərindən olimpiada yarışlarına hazırlığının həyata keçirilməsi;

-İstedadlı uşaqların layihələndirmə bacarıqlarının artırılması;

-Şagirdlər arasında intellektual yarışların keçirilməsi;

-İstedadlı şagirdlərin debat haqqında bilik və bacarıqlarının artırılması;

-İstedadlı şagirdlərin əl işlərindən ibarət sərginin keçirilməsi

Daha sonra çıxış edən Mingəçevir “Gənclər Evi” sosial xidmət müəssisəninin nümayəndəsi Kamal Əhmədov, layihənin tərəfdaşı qismində çıxış edən “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin icraçı direktoru Rəşad Qurbanov və Uşaq yaradıcılıq mərkəzinin əməkdaşı Gülnar Şöyübova da öz çıxışlarında layihənin müsbət tərəflərindən və məktəb şagirdlərinə faydalı olacağından danışıblar.

Tədbirin sonunda şagirdləri maraqlandıran sual və təkliflər səslənib. Məktəblilərin istəklərinə uyğun olaraq layihəyə bir neçə yeni istiqamət əlavə edilib.

Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 saylı tam orta məktəbin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.