26.08.2022

Qubada baş tutan Beynəlxalq Qiymətləndirmə Düşərgəsi başa çatıb

ARTİ və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Quba rayonunda baş tutan Beynəlxalq Qiymətləndirmə Düşərgəsi 26 avqust tarixində başa çatıb.

3 gün ərzində davam edən düşərgədə əsas məqsəd müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmə tədqiqatlarının vacibliyini vurğulamaq, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdən ibarət olub.

Düşərgədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 30 müəllimi iştirak edib. Onlar müxtəlif araşdırma və müzakirələrə cəlb olunmaqla PISA, PIRLS, TIMSS, ICILS və TALIS yönümlü mətn və tapşırıqların hazırlanması metodikaları ilə tanış olub. Eyni zamanda, düşərgə iştirakçıları müvafiq səriştələri ölçməyə imkan verən tapşırıq nümunələri hazırlayıb və konstruktiv rəylər əsasında həmin tapşırıq nümunələrini inkişaf etdirmək imkanı əldə ediblər.

Düşərgənin sonunda ARTİ-nin direktoru Rüfət Əzizov iştirakçılara beynəlxalq qiymətləndirmə tədqiqatlarının əhəmiyyətindən və milli təhsil sisteminə təsirindən bəhs edib.

Yekunda iştirakçılar sertifikatla təltif olunub.