NASCO XXV - Ən çox verilən suallar
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 2022-ci il noyabrın 23-24-də doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı təşkil olunacaqdır. NASCO-nun keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. Konfransda iştirakla bağlı ən çox soruşulan suallar və onların cavablarını ictimaiyyətə açıqlayırıq.
Konfransa yalnız tezislər göndərilir?
23-24 noyabr tarixlərində baş tutacaq konfransa yalnız tezislər qəbul edilir.
Konfransda kimlər iştirak edə bilər?
Konfransda Azərbaycanın və xarici ölkələrin elmi-tədqiqat və ali təhsil müəssisələrində fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantlar iştirak edə bilərlər. Eyni zamanda konfransa marağın yüksək olmasını nəzərə alaraq doktorantura təhsilini bitirmiş müdafiəyə hazırlaşanların və fəlsəfə doktoru elmi dərəcəsi almış elmi tədqiqatla məşğul olan 35 yaşınadək gənc alimlərin iştirakına da şərait yaradılacaqdır.
Bir tezisin bir neçə müəllifi ola bilər?
Xeyr, hər bir tezisin bir müəllifi olmalıdır.
Konfransda iştirak etmək üçün yaş həddi varmı?
Xeyr, əgər doktorantura/dissertantura səviyyəsində təhsil alırsınızsa və ya müdafiəyə hazırlaşırsınızsa, müəyyən bir yaş həddi yoxdur.
Bəli, əgər fəlsəfə doktoru elmi dərəcəsini almış elmi tədqiqatla məşğul olan şəxsinizsə, o zaman 35 yaş həddi vardır.
Tezis neçə səhifə olmalıdır?
Tezis maximum 3 səhifədən (xülasə və ədəbiyyat hissəsi daxil olmaqla) ibarət olmalıdır.
Tezis hansı dillərdə ola bilər?
Tezis Azərbaycan dili və ingilis dilində ola bilər, yalnız xülasə hissəsi üç dildə (Azərbaycan, ingilis və rus dillərində) yazılmalıdır.
Nəzəri araşdırmaların nəticələrini əks etdirən tezis göndərmək olar?
Bəli, olar.
Qəbul edilən tezislər harada nəşr olunacaq?
Konfransda çıxış edən və çıxışı məqbul hesab edilən tezislər konfransın kitabında çap olunacaqdır. Tezisləri məqsədəuyğun hesab edilən şəxslərlə növbəti mərhələdə akademik məqalə yazmaq üçün əlaqə saxlanılacaqdır.
Əgər mən konfransda iştirak edib öz tezisimi məruzə etməsəm mənim tezisimin konfransın kitabında çap olunmasına icazə veriləcəkdir?
Xeyr, bu halda sizin tezisinizin konfransın kitabında çap olunmasına icazə verilməyəcəkdir. Tezisinizin konfransın kitabında çap olunması üçün sizin konfransda iştirak edib tezisinizi məruzə etməyiniz lazımdır.
Konfransın tezisləri hansı formatda dərc olunacaqdır?
Konfransa təqdim olunan tezislərin həm onlayn, həm də çap formatında dərc olunacaqdır.
Konfransda dinləyici kimi iştirak etmək olar?
Bəli, konfransa az müddət qalmış qeydiyyat açılacaqdır.
Tezislərin plagiat yoxlanılmasını siz həyata keçirirsiniz?
Xeyr, tezis göndərən hər kəs özü plagiat arayışını yükləməlidir.
Plagiat arayışını necə əldə edə bilərəm?
Tezisinizin plagiat haqqında arayışını təhsil aldığınız təhsil müəssisəsinin aidiyyatı şöbəsindən əldə edə bilərsiniz.
Təqdim olunan tezislərdə istinadlar hansı akademik stildə verilməlidir?
Təqdim olunan tezislərin istinadları APA stilində yazılmalıdır. Aşağıdakı keçidlərdən akademik APA stili ilə tanış ola bilərsiniz.
https://owl.purdue.edu/owl/research_and_citation/apa_style/apa_style_introduction.html
NASCO-ya tezis ilə müraciət etmək üçün aşağıdakı keçiddən istifadə etməyiniz xahiş olunur:
https://forms.gle/84DaRMhRkqkRevyKA.
İştirakla bağlı qaydalarla aşağıdakı keçiddən tanış ola bilərsiniz:
Xatırlatmaq istərdik ki, tam mətn tezislərin göndərilməsi üçün son tarix 25 sentyabr 2022-ci ildir.
Konfransla əlaqədar hər hansı sual, təklif, problemlərlə bağlı nasco25@arti.edu.az elektron poçt ünvanına yaza bilərsiniz.