6 ayda əldə edilən böyük uğur: SABAH.lab məzunu Perkskit 90000 Avro investisiya cəlb edib!
SABAH.lab Akselerasiya Mərkəzi tərəfindən Kapital Bank-ın baş sponsorluğu ilə təşkil olunan tədbirdə fintech startap olan Perkskit “Startup Wise Guys” akselerasiya proqramı qəbul edilərək 90000 Avro dəyərində investisiya əldə edib.
Qeyd edək ki, tədbirdə 24 yerli startap dünyanın bir neçə regionundan dəvət alan investorlara təqdim olunub. Perkskit, şirkətlərin əməkdaşları üçün loyallıq proqramını anında yarada bildikləri bir platformadır.
Qurucu komandanın üzvləri Fuad Muradov, Fərid Ağamalıoğlu və Faiq Rüstəmovun bir neçə dəfə startap layihələrlə bağlı təcrübələri olmuşdur. Fuad Muradov 500 Global-ın “Startup Ignition Program”dan məzun olduqdan sonra öz karyerasını sahibkarlıq yönündə inkişaf etdirib. Qurucu komandanın digər üzvü olan Fərid Ağamalıoğlu SABAH.lab-ın həqiqətən də bu ekosistemdə mövcud problemlərə həll təklif etməsini vurğulayaraq, IE Biznes Məktəbi tərəfindən tədris, ideya və komanda formalaşmasında dəstək, MVP üçün toxum investisiya ilə təmin edilməsinin diqqətini çəkdiyini və müraciət etməsinə təkan verən amillərdən olduğunu bildirib. Digər komanda üzvü olan Faiq Rüstəmovun sözlərinə görə bu ideyaya gələnə qədər onlar 7 başqa ideyanı sınaqdan keçiriblər. Komanda üzvləri aldıqları mentor dəstəyi sayəsində etdikləri araşdırmalarla bu ideyaların uzunmüddətli olacağı qənaətinə gəliblər. “Biz bu ideyanın uğurlu olacağına inanırıq, çünki ideyanın ünvanı birbaşa olaraq mövcud problemin həlli yoludur.
Perkskit platforması aktual bir məsələnin həlli üzərində qurulub. Beləki, işçiləri sığorta, idman zalları, taksi xidməti kimi üstünlüklərlə təmin etməsini hər kəs istəyər. Lakin burada ortaya bir problem çıxır: heç də təmin olunan üstünlüklər hər zaman işçilərin maraq dairəsində olub onların ehtiyacını qarşılamır. Beləcə, iş yerləri loyallıq proqramlarına lazımsız pullar xərcləyir və çox zaman isə sonda onu dayandırırlar. Perkskit platformasında isə həm işçilərin istəklərinə uyğun seçim üstünlüyü çoxdur, həm də şirkətlər loyallıq proqramlarına ayırdıqları büdcəyə nəzarət edərək onun nə dərəcədə istifadə olunduğunu yoxlaya biləcəklər.
Komanda üzvləri bildirirlər ki, bu ideyanın formalaşıb startap kimi fəaliyyətə başlaması yolunda SABAH.lab-ın rolu böyükdür. “Komanda olaraq formalaşmamızda, ideyanın inkişaf edib işlək prototipə çevrilməsində, mentorlar və ekspertlərlə, invetsorlarla əlaqə yaradılmasında SABAH.lab-in dəstəyi əvəzsizdir. SABAH.lab-da biz ən nüfuzlu universitetlərin professorlarından və sahə ekspertlərindən dərslər alırdıq. Onlar ideyamızı ilkin investisiya ilə təmin etməklə yanaşı, həm də bizimlə investorlar arasında şəbəkənin qurulmasında yardımçı oldular və beləcə, “Baku Investment Day” tədbirindən sonra biz investisiya almağa müvəffəq olduq" deyə komanda üzvləri bildiriblər.
Görünür ki, əzm, motivasiya və doğru yerdə doğru insanlarla bir araya gələ bilmək şansı müvəffəqiyyət qazanma ehtimalını qat-qat artırır. SABAH.lab-da qurulan komandalar bu ehtimalı gerçəyə çevirmək uğrunda inamla addımlayır və artıq Perkskit üçün SABAH.lab bu uğuru qazanmaq üçün doğru ünvan oldu.