05.11.2017

İki qalib layihənin əməkdaşlığı çərçivəsində şagirdlərin Maralgölə piyada yürüşü olub

5 noyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Psixo-pedaqoji maarifləndirmə xidməti” və “İngilis dilində danışıq və sinifdənxaric oxu klubu” layihələri çərçivəsində şagirdlərin Göy-göldən Maralgölə piyada yürüşü olub.

Layihə rəhbərlərinin qarşılıqlı razılaşması ilə hər iki layihədə iştirak edən şagirdlərin Göy-göl və Maralgölə ekskursiyası təşkil edilib. Ekskursiyanın məqsədi 11-ci  sinif şagirdlərinin imtahan qabağı gərginliklərini azaltmaq, qəbul imtahanlarına hazırlaşdıqları üçün mümkün olan zehni yorğunluq, mövcud depressiv halları aradan qaldırmaq, payız fəslinin psixikaya mənfi təsirini aradan qaldırmaq, endorfin, serotonin hormonlarının ifrazını təmin etmək olub.

Qazax şəhəri 3 nömrəli tam orta məktəbin müəllimiTahirə Xasməmmədovanın rəhbərlik etdiyi “İngilis dilində danışıq və sinifdənxaric oxu klubu” layihəsinin şagirdlərin ingilis dilində danışıq bacarıqlarını təkmilləşdirmək məqsədinə uyğun olaraq şagirdlər səyahət zamanı yalnız ingilis dilində danışıb, müxtəlif interaktiv oyunlar oynayıblar. Ekskursiya çərçivəsində Göy-gölə çatdıqdan sonra isə Azərbaycan məktəbliləri arasında ilk dəfə olaraq  maraqlı və yüksək motivasiyalı bir yürüş başlayıb. Şagirdlər Göy-göldən Maralgölə piyada yürüş ediblər.

Hazırda “Psixo-pedaqoji maarifləndirmə xidməti” layihəsi çərçivəsində Qazax rayonu üzrə Qazax şəhəri 3№-li tam orta məktəb, Daş Salahlı kənd 1№-li tam orta məktəb, Qarapapaq kənd ümumi orta məktəb və Dəmirçilər kənd tam orta məktəbin psixoloq və sinif rəhbərlərinin pedaqoji və psixoloji peşəkarlıqlarını artırmaq məqsədi ilə təlimlər davam edir. Hətta qeyd edilən məktəblərdən əlavə rayonun digər məktəblərindən müəllimlər könüllü olaraq təlimlərə qatılırlar.

14 noyabrdan etibarən  layihə çərçivəsində valideyinlər  üçün silsilə təlimlər keçirilməsi nəzərdə tutulub.

“Psixo-pedaqoji maarifləndirmə xidməti” layihəsinin əsas məqsədi məktəb psixoloqları, sinif rəhbərləri və valideyinlər üçün silsilə maarifləndirici təlimlər keçirmək, həmin təlimlərdə psixoloji təcavüzün əlamətləri, növləri və fəsadları haqqında mühüm nüansları onlara çatdıraraq şagirdlər üçün ailədə və məktəbdə optimal psixoloji fonda təhsilin keyfiyyətinin artırılmasına nail olmaqdır. Layihə Qazax rayonunun şəhər və kənd məktəblərinin şagird, valideyin, psixoloq və müəllimlərini əhatə edir.

Qazax şəhəri 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Şəlalə Nazim qızı Məhərrəmovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 22 dekabrda başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.