26.09.2022

Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu keçiriləcək

Noyabrın 5-də keçiriləcək Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda  UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini açılış nitqi ilə çıxış edəcək.

Xanım Giannini İtaliya Respublikasının senatoru,  İtaliyanın Perugia Əcnəbilər Universitetində ilk və ən gənc xanım rektoru olmaqla yanaşı,  Təhsil, Universitetlər və Tədqiqatlar naziri vəzifələrində çalışıb, Avropa Komissiyasında Tədqiqat və İnnovasiyalar üzrə məsləhətçi olub.

Stefania Giannini  BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri “Təhsil 2030 Gündəliyi”nin koordinasiyası və monitorinqi prosesinə,  Çoxtərəfli Təhsil Platformasının yaradılması da daxil olmaqla, bir çox tərəfdaşlığa liderlik edir. Onun fəaliyyəti nəticəsində öyrənənlərə XXI əsr bacarıqlarının aşılanması üzrə təhsilin etik roluna  diqqət qlobal səviyyədə artıb, Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün universitetlərin məsuliyyətinə diqqət çəkilib, təhsil, mədəniyyət, sosial və təbiət elmləri arasında daha sıx əlaqələr yaranıb. 

Xatırladaq ki, Beynəlxalq Forumda iştirak ödənişsizdir. Arzu edənlərə beynəlxalq sertifikat veriləcək. Beynəlxalq sertifikat qeydiyyatı üzrə yerlər məhduddur. Çıxışlar Azərbaycan dilində tərcümə olunacaq. 
 Qeydiyyat üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3KJjaGh