03.10.2022

"Refleksiv müəllim" layihəsi üzrə ibtidai siniflər üçün Azərbaycan dili fənnindən seminar keçirilib

30 sentyabr tarixində 24 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin ibtidai sinif müəllimi Arzu Məmmədova 4-cü sinif Azərbaycan dili dərsliyində olan “Ruminin məsləhəti” mövzusu üzrə dərs icmalı təqdim edib.

Seminarın formatına uyğun olaraq təqdimatçı ilk 15 dəqiqə ərzində dərsin mərhələləri, onun inteqrasiyası, standartların reallaşdırılması prosesindən, qiymətləndirmə meyarları və tapşırıqlardan bəhs edib. Sonra iştirakçılar dərsin uğurlu tərəflərini sadalayıb, təkliflərini bildiriblər. Dərs zamanı təqdim olunan iş üsulları, onların fənnin xarakterinə uyğunluğu, fəndaxili inteqrasiya, qrup işləri zamanı tapşırıqların necə hazırlanması, formativ qiymətləndirmə məsələləri ətrafında müzakirələr aparılıb. 

Şagirdlərdə özünüqiymətləndirmə bacarıqlarının formalaşdırılması, bu məqsədlə verilən sual və tapşırıq nümunələrinin tərtibi məsələləri də seminarda daha çox müzakirə edilən məsələlərdən olub. Daha sonra ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.  

Qeyd edək ki, MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” layihəsi üzrə mütəmadi olaraq ayrı-ayrı fənlərlə bağlı seminarlar keçirilir.