"İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ" adlı layihə çərçivəsində müxtəlif təlimlər həyata keçirilir
ARTİ Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıqda icra etdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ” adlı layihə çərçivəsində müxtəlif təlimlər həyata keçirir.
İnklüziv təhsilə cəlb olunacaq əlilliyi olan uşaqların seçimində Psixoloji-tibbi-pedaqoji komissiyalara dəstək göstərmək məqsədilə 10 region (Bakı, Abşeron, Quba, Şirvan, Xaçmaz, Qəbələ, Gəncə, Qaxaz, Şəki və Ağcabədi) üzrə 54 komissiya üzvünə təlim keçirilib. Müdavimlərlə inklüziv təhsil və inklüzivlik, əlilliyi olan uşaqların valideynləri ilə iş, habelə şagirdlərin müəyyənləşdirilməsi qaydaları və meyarları, onların inklüziv təhsilə cəlb olunmasına maneələr müzakirə edilib.
Şagirdlərin müvəffəqiyyətinə gəldikdə, müəllimlərin ən vacib amillərdən biri olduğunu nəzərə alaraq, onlara inklüziv təhsilin təşkili sahəsində müvafiq dəstək vermək məqsədilə layihənin əhatə dairəsinə daxil olan bütün məktəblərin inklüziv siniflərində tədris deyən pedaqoji heyət üçün təlimlər təşkil edilir. Həmin təlimlər zamanı inklüziv təhsilin əhəmiyyəti və mahiyyəti, inklüziv dəyərlər, əlilliyə sosial və tibbi yanaşma, uşaqyönümlü pedagoqika, Universal Öyrənmə Dizaynı, tədris-təlim prosesinin səmərəli təşkilinin təşviqi üçün inklüziv təhsilin planlaması və tətbiqi, müxtəlif sinif strategiyalarından istifadə və digər mövzulara toxunulur.
Qeyd edək ki, sözügedən təlimlərlə yanaşı, korreksiyaedici pedaqoqlar üçün xüsusi təhsil sahəsində ixtisasartırma təlimlərinin təşkili planlaşdırılır.