ARTİ MDPİM tərəfindən "Refleksiv müəllim" layihəsi üzrə həyat bilgisi fənnindən seminar keçirilib
ARTİ MDPİM tərəfindən 5 oktyabr tarixində “Refleksiv müəllim” layihəsi üzrə həyat bilgisi fənnindən seminar keçirilib.
106 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin müəllimi Günay Səfərova 7-ci sinif dərsliyində olan “Sağlamlığımızın qayğısına qalaq” mövzusu üzrə dərs icmalı təqdim edib.
Təqdim olunan icmal əsasında həyat bilgisi fənninin mahiyyəti, tədqiqatyönümlü dərslərin təşkili, qrup tapşırıqları hazırlayarkən onların tərtibi qaydaları, məzmun standartı ilə məqsəd arasında əlaqə, iş üsullarının seçilməsi, qiymətləndirmə meyarları kimi məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçılar rəy və təkliflərini bildiriblər. Sonra ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.
Seminarların keçirilməsində əsas məqsəd birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsini müəllimlər arasında təbliğ etmək; müəllimlərdə tədris etdikləri dərsə müxtəlif rakurslardan baxmaq bacarığını formalaşdırmaq; konstruktiv dərs müzakirələrinin modelini təqdim etmək; istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, «ideal dərs» anlayışının isə nisbi olduğunu nümayiş etdirməkdir.
Qeyd edək ki, MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” layihəsi üzrə mütəmadi olaraq ayrı-ayrı fənlərlə bağlı seminarlar keçirilir.