07.10.2022

"Refleksiv müəllim" layihəsi üzrə ibtidai siniflər üçün riyaziyyat fənnindən seminar keçirilib

ARTİ MDPİM tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir.

6 oktyabr tarixində 108 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin ibtidai sinif müəllimi Aynur Rzayeva 1-ci sinif riyaziyyat dərsliyində olan “Əşyanın əlaməti” mövzusu üzrə dərs icmalı təqdim edib.

Seminarın formatına uyğun olaraq təqdimatçı ilk 15 dəqiqə ərzində dərsin mərhələləri, onun inteqrasiyası, standartların reallaşdırılması prosesindən, qiymətləndirmə meyarları və tapşırıqlardan bəhs edib. Sonra iştirakçılar dərsin uğurlu tərəflərini sadalayıb, təkliflərini bildiriblər. Dərs zamanı şagirdlərə verilən tapşırıqlar ilə dərsin məqsədi arasında əlaqə, tapşırıqların şagirdlərin yaş səviyyəsinə uyğunluğu, dərslik və metodik vəsaitlə iş, formativ qiymətləndirmə məsələləri ətrafında müzakirələr aparılıb. 

Şagirdlərdə tədqiqat bacarıqlarının formalaşdırılması və bu istiqamətdə müəllimin fasilitatorluğu məsələləri də seminarda daha çox müzakirə edilən məsələlərdən olub. Daha sonra ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.  

Qeyd edək ki, metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” layihəsi üzrə mütəmadi olaraq ayrı-ayrı fənlərlə bağlı seminarlar keçirilir.