"Refleksiv müəllim" layihəsi üzrə coğrafiya fənnindən seminar təşkil edilib
ARTİ MDPİM tərəfindən təşkil edilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir.
10 oktyabr tarixində Mirzə Ələkbər Sabir adına 259 nömrəli tam orta məktəbdə coğrafiya fənni üzrə seminar təşkil edilib. Seminarda məktəbin coğrafiya müəllimi Elnarə Məmmədova 9-cu sinif dərsliyində olan “Cənubi Amerikanın relyefi” mövzusu üzrə dərs icmalı təqdim edib.
Seminarda əvvəlcə “Refleksiv müəllim” layihəsinin əsas şüarlarından olan “Müzakirə mövzusu müəllim deyil, onun hazırladığı dərsdir” şüarı və qaydalar iştirakçılara xatırladılıb. Sonra isə seminarın formatına uyğun olaraq müəllim 15 dəqiqə ərzində hazırladığı icmalın təqdimatını edib. İcmal dinlənildikdən sonra əvvəlcə refleksiv suallar verilib, ardınca isə iştirakçılar dərs haqqında əsaslandırılmış şərh və təkliflərini bildiriblər.
Müzakirə əsasında məzmun standartı ilə məqsəd arasında əlaqə, refleksiyanın necə aparılması, fəaliyyət və resursların müvafiqliyi, dərsin planlaşdırılması, metodik vəsait və dərsliklə iş, iş vərəqlərinin tərtibatı, tədqiqatın aparılması mərhələsində tədqiqat sualı ilə tapşırıqlar arasında əlaqə, ümumiləşdirmənin aparılması, qiymətləndirmə meyarları kimi məsələlərə diqqət yetirilib.
Qeyd edək ki, metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” layihəsi üzrə mütəmadi olaraq ayrı-ayrı fənlərlə bağlı seminarlar keçirilir.