11.10.2022

ADPU, AzTU və BDU-nun "SABAH Magistratura" tələbələri üçün "Emosional zəka" mövzusunda vebinar təşkil edilib

ARTİ tərəfindən ADPU, AzTU və BDU-nun “SABAH Magistratura” tələbələri üçün “Emosional zəka” mövzusunda vebinar təşkil edilib.

11 oktyabr 2022-ci il tarixində SABAH Magistratura proqramı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) “Kompüter elmləri və texnologiyaları”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Təlim və tədrisin təşkili və metodikası”, Azərbaycan Texniki Universitetinin (AzTU) “Logistika və nəqliyyat” ixtisaslaşmaları üzrə təhsil alan tələbələri üçün “Emosional zəka” adlı vebinar təşkil olunub.

Beynəlxalq ekspert və idaəetmə üzrə məsləhətçi, “GDG Professionals” şirkətinin baş direktoru Gülzar Quliyeva tərəfindən keçirilən vebinar tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Gülzar Quliyeva tələbələrə özünü tanıdaraq, iş təcrübəsi haqqında məlumat verib. Təlimçi iştirakçılarla emosional zəkanın tərkib hissəsi olan “Özünü tanıma”, “Özünü idarəetmə”, “Motivasiya”, “Sosial bacarıqlar” və “Empatiya” haqqında geniş müzakirələr aparıb.

Vebinarın ikinci hissəsində “GDG Professionals” şirkətinin İR meneceri Səbinə Zairova tələbələrə reaksiyalar və onun növləri olan “əks cavab”, “geriyə çəkilmə” və “münasibətləri kəsmək”lə bağlı geniş məlumat verib. O, həmçinin ünsiyyət zamanı “qadağa olunmuş sözlər”i daha yaxşı ünsiyyət üçün müsbət ekvivalentlərinə çevirmə yollarından danışıb. Bütün bunlarla yanaşı interaktiv formada keçən vebinarda tələbələrə emosiyaların idarə edilməsi ilə bağlı videoçarx göstərilib. 

Qeyd edək ki, ARTİ Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanması və tələbələrin dərsdənkənar fəaliyyətlərinin təşkilini həyata keçirir.