13.10.2022

"İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ" adlı layihə çərçivəsində maarifləndirici görüşlər təşkil edilib

ARTİ Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ” adlı layihə çərçivəsində maarifləndirici görüşlər təşkil edib.

Məktəblərdə inklüziya mədəniyyətini formalaşdırmaq və hər bir şagird üçün dəstəkləyici mühiti yaratmaq məqsədilə layihə çərçivəsində inklüziv təhsilə yeni cəlb olunan 10 umümi təhsil müəssisəsinin pedaqoji və inzibati heyəti ilə 4 akademik saatlıq görüşlər keçirilib. Ümumilikdə 375 nəfərin iştirak etdiyi görüşlərdə inklüzivlik, inklüziv təhsilin mahiyyəti və əhəmiyyəti, əlilliyə tibbi və sosial yanaşma, o cümlədən məktəb heyətinin inklüziv təhsildə rolu kimi mövzular əhatə olunub.

Bundan əlavə, layihənin əhatə dairəsinə daxil olan inklüziv siniflərin 432 şagird və 413 valideyni üçün “İnklüziya mədəniyyətinin formalaşdırılması” mövzusunda maarifləndirici görüşlər təşkil edilib. Həmin görüşlər zamanı şagirdlərlə müxtəlifliyə müsbət yanaşmanı və mərhəməti təşviq edən məşğələlər keçirilib, valideynlərlə isə inklüzivlik və inklüziv təhsil, inklüziv təhsilin hüquqi bazası və valideynlərin inklüziv təhsildə rolu müzakirə olunub.

Sözügedən görüşlərdə, eyni zamanda, müdavimlərə layihə və Azərbaycanın bu sahədə təcrübəsi haqqında məlumat verilib.