"Refleksiv müəllim" layihəsi üzrə tarix fənnindən seminar təşkil edilib
ARTİ MDPİM tərəfindən 12 oktyabr tarixində “Refleksiv müəllim” layihəsi üzrə tarix fənnindən seminar keçirilib.
Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin tarix müəllimi Aynurə Musayeva 5-ci sinif Azərbaycan tarixi dərsliyində olan “Azərbaycan tarixi fənni necə öyrənilir?” mövzusu üzrə dərs icmalı təqdim edib.
Təqdim olunan icmal əsasında dərsin planlaşdırılması, məzmun standartı ilə məqsəd arasında əlaqə, müxtəlif qiymətləndirmə üsullarından istifadə, iş vərəqlərinin tərtibatı, qiymətləndirmə meyarları, fənlərarası inteqrasiya kimi məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçılar rəy və təkliflərini bildiriblər. Sonra ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.
Seminarların keçirilməsində əsas məqsəd birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsini müəllimlər arasında təbliğ etmək; müəllimlərdə keçdikləri dərsə müxtəlif rakurslardan baxmaq bacarığını formalaşdırmaq; konstruktiv dərs müzakirələrinin modelini təqdim etmək; istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, «ideal dərs» anlayışının isə nisbi olduğunu nümayiş etdirməkdir.
Qeyd edək ki, seminarın keçirildiyi 155 nömrəli tam orta məktəbin müəllimləri ilə yanaşı, ərazi baxımından həmin məktəbin yaxınlığında yerləşən 215, 67 və 170 nömrəli məktəblərin tarix fənnini tədris edən müəllimləri də seminarda iştirak ediblər.