13.10.2022

SABAH.lab Akselerasiya Mərkəzi Beynəlxalq İnnovasiya Forumunda iştirak edib

Hər il Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutan “Digital Bridge” Forumu Mərkəzi Asiya regionunun ən irimiqyaslı innovasiya tədbirlərindən biridir. 200-dən çox spikerin, 70-dən çox investorun, 300-dən çox startapın yer aldığı bu forumda 15 ölkənin innovasiya üzrə nümayəndələri iştirak edib və SABAH.lab Akselerasiya Mərkəzi  ölkəmizin təmsilçiləri arasında yer alıb. Bu ilki mövzusu “Mərkəzi Avrasiya yeni texnoloji platforma kimi” olan bu forumda SABAH.lab bir neçə önəmli fəaliyyətdə iştirak edib.

İlk öncə, SABAH.lab və Astana Hub arasında tərəfdaşlıq üzrə anlaşma memorandumu imzalanıb. Memorandumun əsas məqsədi türkdilli dövlətlərin qlobal ekosistemə daha rahat çıxışını təmin etmək və Mərkəzi Asiya regionunu ən qabaqcıl innovasiya mərkəzlərindən birinə çevirməkdir. Memorandumun tərəfdaşları arasında Türkiyə, Qırğızıstan və Özbəkistan, Qazaxıstan və Azərbaycan yer alıb. Qeyd edək ki, memorandumun imzalanması Qazaxıstan Respublikasının Prezidenti Qasım-Comərd Tokayevin təşəbbüslərindən biridir və bu memoranduma əsasən regionda İKT və innovasiya ekosistemi inkişaf etdiriləcək.

SABAH.lab-ın forumdakı digər fəaliyyəti isə akselerasiya proqramları məzunlarının “Startup Alley”də (Startap Xiyabanı) iştirakı olub. Akselerasiya məzunlarından olan Perkskit, 2walk, Hirelamp, Push30 və Bookshifa burada öz ideyalarını nümayiş etdirərək investorlarla və ekosistemin ekspertləri ilə görüşmək fürsəti əldə ediblər.