13.10.2022

"İngilis dilinin tədrisi metodikası" adlı təlimçi hazırlığı təlimləri keçirilib

7-9 oktyabr tarixlərində ARTİ MDPİM tərəfindən “Pedaqoji kadrların ixtisasartırma təlimi həyata keçirən kadrların təkmilləşdirilməsi” proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri keçirilib. 

Budəfəki təlimlər ingilis dili müəllimləri üçün nəzərdə tutulub. “İngilis dilinin tədrisi metodikası” adlı təlimlər 21 akademik saatı əhatə edib. Təlimlərin keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində ingilis dilinin əsas xarici dil kimi tədrisi metodikası mövzusunda ingilis dili fənn müəllimlərinə təlim keçəcək təlimçilər hazırlamaq olub.

Təlimlər zamanı iştirakçılar ingilis dili fənninin effektiv tədrisini təmin etmək və şagird nailiyyətlərini artırmaq üçün səmərəli üsullardan istifadə qaydaları ilə tanış olublar.
Eyni zamanda iştirakçılar oxuyub-anlama, dinləyib-anlama, yazı bacarıqlarının formalaşdırılması, qrammatika və lüğətin effektiv tədrisi üsulları  ilə bağlı biliklər əldə ediblər və təlim ərzində qazandıqları bilikləri praktikada nümayiş etdiriblər.