07.11.2017

"Şagird şəxsiyyətinin emosional inkişafına dəstək" layihəsi çərçivəsində növbəti tədbir keçirilib

7 noyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Şagird şəxsiyyətinin emosional inkişafına dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə müxtəlif sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə TEDx tipli çıxışlar və şagirdlərin “uğur” hekayələri dinlənilib. Çıxış edən şagirdlər öz yoldaşlarına uğuru əldə etməyə, şəxsi inkişaflarına mane olan xarakter xüsusiyyətlərini aradan qaldırmağa dair üsullar, yollar barədə məlumat veriblər.. Şagirdlər yoldaşlarından müəyyən problemləri həll etməyin yolları ilə bağlı suallar soruşub, həmçinin zamanın idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Çıxışlar bitdikdən sonra layihə çərçivəsində əməkdaşlığın davam etdirilməsinə dair danışıqlar aparılıb.

Qeyd edək ki, “Şagird şəxsiyyətinin emosional inkişafına dəstək” layihəsinin əsas məqsədi şagirdlərin emosional sahələrinin inkişaf etdirilməsi yolu ilə onların öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, psixoloji cəhətdən sağlam şəxsiyyət olaraq formalaşmasına nail olmaqdan ibarətdir.

Layihə çərçivəsində sagirdlərin emosional sahələrinin inkişaf etdirilməsinə nail olmaq üçün onlarla film saatlarının, TEDx tipli çıxışların, uğur hekayələrinin danışılması, valideynlərlə birgə tədbirlərin təşkili, müəllim-şagird əməkdaşlığı çərçivəsində fərqli mövzularda araşdırma aparılması və təqdimatların təşkili nəzərdə tutulub.

Layihə Bakı şəhərində, Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabe 10 məktəbi əhatə edir.

Nigar Hüseynovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 22 dekabrda başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.