17.10.2022

"Süni intellekt və data elmi" intensiv təlim proqramı layihəsinin bağlanış mərasimi keçirilib

17 oktyabr 2022-ci il tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində "Süni intellekt və data elmi" intensiv təlim proqramı layihəsinin bağlanış mərasimi keçirilib. 

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ARTİ-nin direktoru Rüfət Əzizov, ARTİ əməkdaşları, layihə təlimçiləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov hal-hazırda süni intellekt texnologiyalarının dünya bazarının zəruri texnologiyalarından biri olduğunu qeyd edib. O, bildirib ki, sözügedən layihə ölkənin rəqəmsal qabiliyyətinin artırılması və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

ARTİ-nin direktoru Rüfət Əzizov layihə çərçivəsində həyata keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, süni intellekt texnologiyaları gələcəkdə mümkün risklərin minimuma endirilməsi baxımından ən mühüm strategiya hesab olunur.

ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova "Süni intellekt və data elmi" layihəsinin hesabatını təqdim edib. Hesabat zamanı layihənin üçmərhələli seçim prosesinə, təlimlərin təşkilinə, müvafiq statistik məlumatlara, proqram boyunca həyata keçirilən dərsdənkənar fəaliyyətlərə, təlim iştirakçılarının rəylərinə, proqramı qiymətləndirməklərinə və onların əldə etdiyi nailiyyətlərə toxunulub.  

Layihə təlimçisi Samir Məmmədov 3 aylıq intensiv təlim proqramının sonunda iştirakçıların əldə etdiyi bilik və bacarıqlardan və onların qiymətləndirmə prosesinin təşkilindən danışıb.

Daha sonra təlim iştirakçıları tərəfindən 3 ən yaxşı “capstone” layihəsi təqdim olunub.

Sonda təlim iştirakçılarına və layihənin könüllülərinə sertifikatlar təqdim olunub. Qeyd etmək lazımdır ki, 35 nəfər məzundan 12-si fərqlənmə ilə proqramı bitirmişdir. 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə ARTİ tərəfindən həyata keçirilən layihə 4 may 2022-ci il tarixindən etibarən 40 nəfər iştirakçı ilə start götürüb.

Sözügedən layihə ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirmək məqsədi daşıyır. Layihə çərçivəsində data analitikasına marağı olan tələbələr bu sahədə ekspert olan təlimçilər tərəfindən strukturlu və effektiv şəkildə praktiki təlimlər keçərək data elminin əsaslarını dərindən mənimsəyiblər.