20.10.2022

ARTİ tərəfindən keçirilən "İnnovativ və strateji liderlik" təliminə start verilib

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU), Bakı Dövlət Universitetinin (BDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “SABAH magistratura” proqramında təhsil alan bir qrup tələbəsi üçün Təhsil Texnologiyaları Mərkəzində ümumi 72 saatdan ibarət olan “İnnovativ və strateji liderlik” təliminə start verilib.

ARTİ-nin direktoru və sözügedən təlim üzrə təlimçi Rüfət Əzizov innovasiyaların yaranması, böyük şirkətlərin innovasiyaların həyata keçirilməsində qarşılaşdığı problemlər, distant təhsil sistem yeniliyi kimi, innovasiya üçün səriştələrin transformasiyası barədə danışaraq tələbələrə innovasiya strategiyası modulu haqqında ümumi məlumat verib. Eyni zamanda, Rüfət Əzizov hər dərsin sonunda xüsusi dəvət olunmuş qonağın çıxışının nəzərdə tutulduğunu vurğulayıb.

Təlimin sonunda innovasiyaların həyatın müxtəlif sahələrində tətbiqinə nümunə olaraq robototexnikadan  istifadə etməklə xəsarət almış şəxsə yardım göstərilməsi üzrə təlim iştirakçılarına tapşırıq verilmişdir.

İnteraktiv keçən təlim zamanı STEAM layihəsinin robototexnika üzrə mütəxəssisi Çingiz Səlimov tələbələrə robotların yığılması və robotla zəlzələ zamanı xəsarət alan şəxsin xəstəxanaya çatdırılması üzrə praktik tapşırıq verib.

Qeyd edək ki, ARTİ ADPU, AzTU və BDU-da həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasını və tələbələrin dərsdənkənar fəaliyyətlərini təşkil edir.