22.10.2022

Məktəblilərimiz Avropa Qızlar İnformatika Olimpiadasında uğurla çıxış etdilər

Azərbaycan məktəbliləri ilk dəfə “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak ediblər. 16-23 oktyabr 2022-ci il tarixində Türkiyənin Antalya şəhərində təşkil olunan beynəlxalq müsabiqədə ölkəmiz dörd məktəbli qızdan ibarət komanda ilə təmsil olunub.  Sözügedən yarışda məktəblilərimiz uğurla çıxış edərək 1 gümüş və 1 bürünc medal qazanıblar. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova (11-ci sinif) gümüş medal, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Qarayeva (11-ci sinif) isə bürünc medal qazanıblar.

Beynəlxalq İnformatika Olimpiadasına oxşar qaydalar əsasında təşkil olunan bu yarışmanın gənc xanım iştirakçıları təqdim olunan tapşırıqları effektiv alqoritmlər hazırlayaraq həll etməlidirlər. Bu olimpiadanın məqsədi həm informatika fənninə qarşı qızların marağının artırılması, həm də İnformasiya Texnologiyaları sahəsinə xanımların cəlb olunaraq onların gələcək mütəxəssis kimi yetişdirilməsidir.  

2017-ci ildən etibarən məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 12 gümüş, 26 bürünc olmaqla, ümumilikdə 40 medal qazanıblar.