Ağsuda "Erkən evliliklərin bioloji fəsadları" mövzusunda təlim keçirilib
Noyabrın 10-da “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş "Bizə qoşul və xilas et!” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Ağsu rayonu Kəndoba kənd tam orta məktəbində keçirilən təlimin mövzusu “Erkən evliliklərin bioloji fəsadları” ilə bağlı maarifləndirmə olub.
“Bizə qoşul və xilas et!” layihəsinin məqsədi şagirdlərin erkən evliliyin bioloji fəsadları ilə bağlı maarifləndirilməsi, erkən evliliyin fəsadları barədə geniş məlumatların çatdırılması və problemlə mübarizə yollarının öyrədilməsidir.
Layihə Ağsu rayonunun kənd məktəblərinin şagird və müəllimlərini əhatə edir. Seçim turuna artıq başlanılan layihə Ağsu rayonunda yerləşən 4 məktəbin VII-XI sinif şagirdləri üçün təlimlərin keçilməsi ilə icra edilir.
Layihə çərçivəsində şagirdlərə erkən evliliyin bioloji fəsadları ilə bağlı seminarlar keçirilməsi, seminarların keçirilmədiyi məktəblərin şagirdləri üçün isə dərsdən əlavə dərnəklər təşkil edilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində növbəti təlimin noyabr ayının 15-də Ağsu rayonu Gəgəli kənd tam orta məktəbində keçirilməsi planlaşdırılır. Təlimin mövusu “Erkən evliliklərin bioloji fəsadları” olacaq. Təlimə Gəgəli kənd tam orta məktəbin şagirdləri və onların valideynləri cəlb ediləcək.
Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.