05.11.2017

"İngilis dilində danışıq və sinifdənxaric oxu klubları" layihəsinin ikinci mərhələsinin icrasına başlanılıb

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "İngilis dilində danışıq və sinifdənxaric oxu klubları" layihəsi çərçivəsində hazırlıq işləri yekunlaşdıqdan sonra ikinci mərhələ üzrə nəzərdə tutulmuş işlərin icrasına başlanılıb.

4 noyabrda layihə çərçivəsində “Story telling” (hekayə danışma) adlı təlim keçirilib. Təlimdə iştirak edən şagirdlər layihə rəhbəri Tahirə Xasməmmədovanın hər vərəqə yazmış olduğu bir cümləni davam etdirməklə öz hekayələrini yazıblar. Sonra isə şagirdlər yazdıqları hekayəni və həyatda yaşanılan bənzər hadisələri ingilis dilində danışıblar.

5 noyabrda isə 11-ci sinif şagirdlərinin imtahan qabağı gərginliklərini azaltmaq, qəbul imtahanlarına hazırlaşdıqları üçün mümkün olan zehni yorğunluq, mövcud depressiv halları aradan qaldırmaq məqsədi ilə digər qalib layihə olan “Psixo-pedaqoji maarifləndirmə xidməti” layihəsinin üzvləri ilə birgə Göy-göldən Maralgölə qədər 7 kilometrlik məsafəni piyada qət ediblər. Ekskursiya boyunca şagirdlər ingilis dilində öz təəsüratlarını paylaşıblar. 

Qeyd edək ki, layihənin təqdimatı və ilk təlim 28 oktyabrda Qazax şəhəri 3 saylı tam orta məktəbdə baş tutub.

Layihənin əsas məqsədi sinifdənxaric və məktəbdənkənar tədbirlər hesabına şagirdlərin ingilis dilində oxu və danışıq bacarıqlarını təhkmilləşdirmək, Qazax rayonunun yeniyetmə və gəncləri arasında ingilis dilinin inkişafına təkan verməkdir.

Qazax şəhəri 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Tahirə Xasməmmədovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.