Rəfiq Tağı oğlu Qəndilovun vəfatı ilə bağlı nekroloq
Azərbaycan pedaqoji ictimaiyyətinə ağır itki üz vermişdir. Ölkəmizin təhsil quruculuğunda xidmətləri olmuş tanınmış alim, təhsil mütəxəssisi, Rəfiq Tağı oğlu Qəndilov noyabrın 13-də 76 yaşında vəfat etmişdir.
Rəfiq Tağı oğlu Qəndilov 1946-cı ildə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olmuş, 1953-1965-ci illərdə Bakı şəhər 132 nömrəli məktəbdə təhsil almış, oranı qızıl medalla bitirmişdir. 1963-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində oxumuş, fizik, fizika müəllimi ixtisaslarına yiyələnmişdir. Təyinatla Gəncə Dövlət Pedaqoji Universitetinə göndərilmiş, orada müəllim işləmişdir. 1971-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi kimi çalışmış, həmin ildə Neft Kimya İnstitutunda aspiranturaya daxil olmuş və müdafiə edərək kimya üzrə elmlər namizədi elmi dərəcəsi almışdır. 1985-ci ildən Təhsil Nazirliyinin Elmi-Metodik Mərkəzinin direktoru və direktor müavini vəzifələrində çalışmışdır. 60-a qədər dərs vəsaiti, proqram, monoqrafiya və elmi məqalənin müəllifi olmuşdur. O, təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Səmimiyyət, qayğıkeşlik və nəciblik nümunəsi olan, ömrü boyu çalışdığı elm və təhsil sahəsinə sədaqətlə xidmət göstərən Rəfiq Tağı oğlu Qəndilovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət etsin!