"Məktəbli arxeoloqlar" AMEA-nın müxbir üzvü ilə görüşüblər
“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “ARXEOMƏKTƏB: Keçmişdən gələcəyə - Tarix fənninin tədrisinin davamlılığının artırılması” layihəsi çərçivəsində tədbirlər davam edir.
10 noyabrda S. C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının konfrans zalında “məktəbli arxeoloqlar”ın AMEA-nın müxbir üzvü Vəli Əliyevlə görüşü olub. Tədbirdə gimnaziyanın 30-dan artıq şagirdi, gimnaziya rəhbərliyi, layihənin eksperti Dr. Fariz Xəlilli və digər şəxslər iştirak ediblər. Görüşdə Vəli Əliyev “Arxeologiya tariximiz” mövzusunda məruzə ilə çıxış edib. O, qeyd edib ki, Azərbaycanda ilk dəfə “Arxeoməktəb klubu”nun yaradılmasının mühüm hadisədir. Arxeoloji və etnoqrafik materialların tarixin dili olduğunun deyən V. Əliyev əlavə edib ki, onlara biganə qalınmamalı, aşkar edilmiş ən xırda tarixi, arxeoloji və etnoqrafik materiallar toplanılmalı və onlar öyrənilmək üçün təqdim olunmalıdır. Görüşdə iştirakçılara arxeoloji materialların yaşının müəyyən edilməsi ilə bağlı məlumat verilib və nümunələr göstərilib. Sonda məktəbli arxeoloqların fəaliyyəti ilə bağlı təklif və tövsiyyələrini səsləndirən V. Əliyev arxeoloqların gənc nəslinin yetişdirilməsi üçün lazım olan hər cür köməkliyi göstərəcəyini, onlarla mütəmadi görüşlər keçirə biləcəyini vurğulayıb.
“ARXEOMƏKTƏB: Keçmişdən gələcəyə - Tarix fənninin tədrisinin davamlılığının artırılması” layihəsinin məqsədi S. C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının nəzdində “Arxeoməktəb Klubu”nu yaratmaq, məktəblilər, müəllimlər və valideynlərlə işləyərək tarix kabinetinə təsadüfən aşkar olunmuş arxeoloji materialları toplamaq, arxeoloqlarla görüşlər keçirmək, məktəblilərə qədim tariximizi sevdirən arxeologiyanı sevdirmək, məktəbliləri Bakıya yaxın rayonlarda təşkil ediləcək düşərgələrə cəlb etməkdir.
Hazırda layihə çərçivəsində esse, rəsm və foto kateqoriyasında “Tariximiz sərvətimizdir” adlı müsabiqə davam edirş. Müsabiqən nəticəsində seçiləcək “məktəbli arxeoloqlar”ın iştirakı ilə növbəti həfətələrdə Şamaxı və Ağsu rayonlarına ekspedisiyada təşkil edilməsi nəzərdə tutulub. Müsabiqəyə materialların təqdim olunması üçün son tarix 15 noyabrdır.
Bundan başqa yaxın günlərdə layihə çərçivəsində “Arxeoməktəb: Keçmişdən gələcəyə” adlı kitab-kataloq üzərində işlərə başlanılması da nəzərdə tutulub.
Layihə çarçivəsində şagirdlərin arxeoloq alimlərlə görüşü, onlar üçün Milli Azərbaycan Tarixi Muzeyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun sərgi-ekspozisiya şöbəsində açıq dərs, Şamaxı və Ağsu rayonlarına 2 günlük arxeoloji ekspedisiya, və Arxeofotoqrafiya – ustad təlimi də nəzərdə tutulub. Bundan başqa müəyyən ediləcək 2 məktəbdə şagirdlər təqdimat hazırlayaraq layihə ərzində öyrəndikləri ilə bağlı özlərinin seminar vermələri də planlaşdırılır.
Artıq şagirdlərdən klubun fəaliyyətinə uyğun materialların, o cümlədən arxeoloji materialların toplanmasına başlanılıb.
S. C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının tarix müəllimi Anar Əliməmmədovun rəhbərliyi ilə fərdi kateqoriya üzrə qalib olmuş layihə öz işini 22 dekabrda başa çatdıracaq. Layihə Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdlərini əhatə edir.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.