17.11.2022

ARTİ tərəfindən keçirilən "İnnovativ və strateji liderlik" təliminin ilk modulu başa çatıb

ARTİ-nin təşkilatçılığı ilə 16 noyabr 2022-ci il tarixində Azərbaycan Texniki Universitetinin (AzTU), Bakı Dövlət Universitetinin (BDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “SABAH magistratura” proqramında təhsil alan bir qrup tələbəsi üçün Təhsil Texnologiyaları Mərkəzində keçirilən “İnnovativ və strateji liderlik” təliminin ilk modulu başa çatıb.

ARTİ-nin direktoru və sözügedən təlim üzrə təlimçi Rüfət Əzizov innovasiya strategiyası modulunun daxilində yeni məhsulların, xidmətlərin və bazarların inkişafı, innovasiyaların intensivliyi: ikili düşüncə tərzi, bazarların inkişafı, ekosistem kontekstində sahibkarlıq səlahiyyətləri haqqında ətraflı məlumat verib. 

Tələbələrə “Canvas” Biznes modeli üzərindən “Biznesini yarat” adlı praktik tapşırıq verilib, onlar komandalar şəklində bölünərək biznes layihələrini təqdim ediblər.

Qeyd etmək lazımdır ki, birinci modulda keçirilən dərslərin sonunda startaplarla bağlı tələbələrə “Hirelamp” CEO-su  Kamal Əliyev, “Perkskit” COO-su Fərid Ağamalıoğlu, “2 Walk” CMO-su Həsən Əlili öz startapları barədə məlumatlar verərək, startapın yaranmasında ideyadan nəticəyə olan proseslər barədə geniş təlim keçiblər. 

Nəzərinizə çatdıraq ki, ARTİ ADPU, AzTU və BDU-da həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasını və tələbələrin dərsdənkənar fəaliyyətlərini təşkil edir.