12.11.2017

Goranboyda pedaqoji işçilər üçün təlimlər davam edir

Goranboyda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi" layihəsi çərçivəsində təlimlər davam edir.

Təlimlər həftədə 2 dəfə olmaqla Goranboy şəhəri 2 nömrəli tam orta məktəbda keçirilir. 11-12 noyabr tarixlərini əhatə edən sonuncu təlim bir məntəqədə olmaqla 50 nəfəri əhatə edib. Qeyd edək ki, müəllimlərin öyrəndiklərini praktik olaraq tətbiq etmələri üçün hər təlim günündən sonra müəllimlərə keçilmiş mövzu üzrə materialları öyrənmək, test tapşırıqları yazmaq və növbəti təlim günündə təqdimat etmək tapşırıqları verilir.

Yaxın günlərdə məktəbdə müəllim-şagird münasibətləri metodlarının inkişaf etdirilməsi məqsədi ilə psixoloq dərslərinin  keçirilməsi nəzərdə tutulub.  

Layihənin əsas məqsədi DQ imtahanı üzrə Goranboy rayonundan iştirak etmiş və zəif nəticə göstərmiş müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilmənə nail olmaqdan ibarətdir. Bu məqsədlə də layihə çərçivəsində Azərbaycan dili və riyaziyyat müəllimlərinin pedaqoji hazırlıqlarının və test vərdişlərinin yüksəldilməsi istiqamətində təlimlər keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, layihənin sonunda yekun qiymətləndirmə imtahanı keçiriləcək.

Səməndər Həsənovun fərdi kateqoriya üzrə qalib olmuş layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.