06.11.2017

"Güvən telefonu"nun qaynar xətti fəaliyyətə başladı

Xızı rayonunda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş "Güvən telefonu” layihəsi çərçivəsində “Güvən Telefonu” qaynar xətti fəaliyyətə başlayıb.

Maarifləndirici görüşlər və təlimlər yekunlaşdıqdan sonra 6 noyabr 2017-ci il tarixindən Giləzi qəsəbə tam orta məktəbində təlim keçmiş könüllü operatorlardan ibarət "Güvən telefonu" qaynar xətti fəaliyyətə başlayıb. “Güvən Telefonu”nun qaynar xətti: (023-31)-60-187-dir.

 "Güvən telefonu" layihəsinin məqsədi  Xızı rayon tam orta məktəblərində işçi heyəti ilə təlimlər keçərək psixoloq operatorların hazırlanmasından ibarətdir.

Layihə çərçivəsində təlimlər peşəkar operator psixoloq tərəfindən keçirilib.  Telefon vasitəsi ilə şagirdlərə veriləcək məsləhətlərin istiqamətləri, problemlərin həlli yolları tam şəkildə mənimsədilib və  eyni zamanda təlimlərlə bərabər pedaqoqlar tərəfindən layihə çərçivəsində maarifləndirici görüşlər keçirilərək qaynar xəttin nömrəsi və mahiyyəti şagirdlərə izah edilib.

Layihə çərçivəsində təlimlər və maarifləndirici görüşlər Xızı rayonunun bütün tam orta məktəblərində keçirilib.  Görüşlər zamanı 210 nəfər şagird heyəti ilə maarifləndirici görüşlər, 60 nəfər işçi heyəti ilə isə təlimlər keçirilib.

Bu gün çətin anlarda dostların, valideynlərin köməyi  ilə yanaşı, peşəkarlara da müraciət etmək mümkündür. Üstəlik, bu zaman yardım üçün müraciət edən şəxsin anonimliyi tam təmin olunur. Bunun üçün əhaliyə psixoloji yardım göstərən xidmət, başqa sözlə, "Güvən telefonu" artıq fəaliyyətdədir.

Xızı rayonu Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olmuş layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.