07.11.2017

3 və 4 yaşlı uşaqlar üçün icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyətə başlayıb

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi üzrə hazırlıq işləri yekunlaşdıqdan sonra icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyətə başlayıb.

Layihə üzrə 2017-ci ilin aprel ayından başlayan hazırlıq işləri: icmaların araşdırılması və seçilməsi, proqramın hazırlanması və vəsaitin çap olunması, icma rəhbərlərinin və valideynlərin təlimi artıq başa çatdıqdan sonra oktyabr ayından etibarən 50 icmanın hamısında 3 və 4 yaşlı uşaqlarla məktəbəqədər təhsil proqramına başlanılıb.

Proqram çərçivəsində 3-4 yaşlıların dörd sahə üzrə: 1 - fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik; 2 - sosial və emosional inkişaf; 3 - idrakın inkişafı və 4 - estetik inkişaf və yaradıcılıq üzrə inkişaf etdirilməsi nəzərdə tutulur. Bu inkişaf sahələri üzrə gözlənilən nəticələrə nail olmaq üçün proqrama müxtəlif oyunlar, tapşırıqlar, hekayə və nağıllar daxil edilib. Proqram vəsaiti artıq Bakı və 10 rayonda 50 icmada 1000 ailəyə paylanılıb.

İcmaların öz seçimindən asılı olaraq dərslər həftədə bir dəfə və ya bir neçə dəfə olmaqla aparılır. Proqram vəsaitindən başqa icmalara, eyni zamanda, plastilin, rəngli kağız, leqo (konstruktor), stolüstü kublar, yapışqanlar və s. kimi ləvazimatlar da paylanılıb.

İcma əsaslı məktəbəqədər təhsil proqramı