11.11.2017

Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyi ilə bağlı növbəti təlim keçirilib

“Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Şagirdlərin imtahanöncəsi  psixoloji gərginliyinin azaldılmasına dəstək" layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Noyabrın 11-də E.Məmmədov adına İsmayıllı rayon 5 nömrəli tam orta məktəbdə keçirilən təlimdə məktəbin direktoru Elçin Məmmədov, direktor müavini  E.Babayev, təlimçi, ən yaxşı müəllim müsabiqəsinin qalibi Leyla Babayeva, məktəbin psixoloqu B. Zümrüd  və 11-ci sinif şagirdləri iştirak ediblər. Təlimə 1 saylı məktəbin azərbaycan və rus bölmələrinin könüllüləri  A. Səfərova, A. Piriyev, L. Hacızadə və A. Ələskərli də qatılıb. Təlim məktəblilər tərəfindən rəğbətlə qarşılanıb. Layihənin davamlılığı ilə maraqlanan şagirdlər bloq ünvanımızı qeyd etdilər və mütəmadi olaraq əlaqə saxlamaq istəklərini bildirdilər.

Təlim məktəbin abituriyentləri üçün imtahanöncəsi gərginlikdən necə  can qurtarmaq barəsində maraqlı disskussiya, yarış və oyunlardan təşkil olunub. Təlim zamanı  şagirdlər üçün vizualizasiya yolu ilə keçirilən “10 il sonra Mən” başlıqlı  fəaliyyət onlarda böyük maraq yaradıb. Daha sonra əvvəlcədən keçirilmiş və psixoloq  rəyi əsasında müəyyən olunmuş həyəcan və təşviş sorğusunun nəticələrinə görə daha çox həyəcana malik olan abituriyentlərlə müvafiq iş aparılıb.

Layihə çərçivəsində rayon tam orta məktəblərində təlimlər keçirilməsi nəzərdə tutulub ki, bununla da 300 nəfər abituriyentin  imtahanqabağı həyəcana qalib gələ biləcəyi və uğur qazanacağı düşünülür. Onlara davamlı olaraq özünə hörmət, öz  həyatının necə qiymətli olduğu fikri aşılanacaq. Eyni zamanda hər bir təhsil müəssisəsində davamlı təlimlər keçirilməsi məqsədi ilə könüllülər seçilərək layihə çərçivəsində “Gənc Psixoloqlar” mərkəzi yaradılır. Artıq Veb 2.0 və Veb 3.0 alətlərinin köməyi ilə  internet bloq yaradılıb və görülən işlər həmin internet səhifəsində öz əksini tapacaq. Bununla yanaşı digər pedaqoji işçiləri və gəncləri bu sahədə məlumatlandırmaq və aktivləşdirmək məqsədi ilə keçiriləcək aksiyada hazırlanmış maarifləndirici, informativ bukletlər paylanılması, “Abituriyentin dostu” adlı kitabça çap olunması, ictimaiyyətlə əlaqələr (PR) sahəsində işlər görülməsi də nəzərdə tutulub.

25 noyabrda layihə çərçivəsində növbəti təlimin təşkili  və yüksək həyəcana malik şagirdlərin  valideynlərləri ilə müvafiq iş  aparılması nəzərdə tutulub.

Fərdi kateqoriyada İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Pərvanə Piriyevanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.