14.11.2017

"Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu" layihəsi çərçivəsində təlimlərə başlanılıb

14 noyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” adlı layihə çərçivəsində növbəti görüşlər və təlim keçirilib.

Layihənin icra planına uyğun olaraq layihə çərçivəsində artıq orta ümumtəhsil məktəbləri və müxtəlif qurumlar ilə məlumatlandırıcı, eyni zamanda, bir sıra fərdi görüşlər keçirilib.

Layihə çərçivəsində keçirilən növbəti görüşlərdə sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum istedadlı şagirdlərin, yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gənclərin üzə çıxarılması üçün mütəmadi olaraq belə layihələrin həyata keçirilməsinə diqqət yönəldilməsi ilə bağlı söhbətlər edilib, layihə ilə əlaqəli iştirakçılara ətraflı məlumatlar verilib və mövzu ətrafında geniş müzakirələr aparılıb. Görüş iştirakçılarına layihə ilə bağlı məlumatları özündə əks etdirən broşürlər paylanılıb.

Eyni zamanda həmin gün yaradıcılıq qabiliyyəti olan fiziki qüsurlu istedadlı məktəblilərlə təlimlərə başlanılıb. Bakı şəhəri 59 nömrəli, 55 nömrəli və 95 nömrəli tam orta məktəbləri təmsil edən məktəblilərə özəl rəsm dərnəyində rəssam Bahar xanımın rəhbərliyi ilə təlim keçirilib. Sonra onlara layihə çərçivəsində görəcəkləri işlər barəsində tapşırıqlar verilib. Gənclər onlara verilən tapşırıqların ilk mərhələsini çox böyük həvəslə yerinə yetiriblər. Onların bu bacarıqlarını inkişaf etdirmək üçün təlimlərin davam etdirilməsi nəzərdə tutulur.

Yaxın günlərdə layihənin yekun bağlanış mərasimində iştirak edəcək sağlamlıq imkanları məhdud yeniyetmə və gənclər sərgi ilə əlaqədar təlimatlandırılması və onlarla birgə Forumun bağlanış mərasiminə hazırlıq işlərinin görülməsi planlaşdırılır.

Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan xüsusi istedadlı və yaradıcılıq qabiliyyətli yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası və onların ictimai həyatdan uzaqlaşmasının qarşısının alınmasıdır.

Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Kəmalə Şıxlinskayanın rəhbərliyi ilə ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.