11.11.2017

Məktəblilər arasında intellektual yarış keçirilib

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş "Gənc  ixtiraçı və  səmərələşdirici  mərkəzi” layihəsi çərçivəsində intellektual yarış keçirilib.

11 noyabrda “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində Mingəçevir şəhəri N. Gəncəvi adına 8 nömrəli tam orta məktəbin şagirdləri üçün intellektual yarış keçirilib.

İntellektual yarışda iştirakçılar 6 komanda halında öz biliklərini yoxlayıblar. Suallar isə əsasən tarix, coğrafiya, riyaziyyat və ümumi dünyagörüşə aid olub.

İki mərhələdən ibarət İntellektual yarışda hər mərhələ üzrə 15 sual səsləndirilib. Hər iki mərhələnin nəticələrinə görə  məktəbin 7-ci sinifinin “Uğur” komandası I, 7b sinifinin “Fenomen” komandası isə II yerə layiq görülüb.

Layihə çərçivəsində intellektual yarışların keçirilməsində əsas məqsəd məktəblilərdə yarış bacarıqlarının formalaşdırılmasına nail olmaqdır.

Bu yarışmaya qədər layihə çərçivəsində 3 noyabrda Mingəçevir şəhəri N. Gəncəvi adına 8 nömrəli tam orta məktəbin şagirdləri üçün Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiada 7 noyabrda İngilis dili, 8 noyabrda isə riyaziyyat fənləri üzrə olimpiadaya hazırlıq üçün sınaq imtahanları keçirilib, 10 noyabrda 7, 8 və 9-cu sinif şagirdləri üçün Azərbaycan dili və Ədəbiyyat, İngilis dili və Riyaziyyat fənnlərindən  ümumi olimpiada təşkil edilib.

Layihən çərçivəsində “İstedad Bankı”nın  yaradılması, istedadlı şagirdlərin Azərbaycan dili, İngilis dili və riyaziyyat fənlərindən olimpiada yarışlarına hazırlığının həyata keçirilməsi, onların layihələndirmə bacarıqlarının artırılması, şagirdlər arasında intellektual yarışların keçirilməsi, istedadlı şagirdlərin debat haqqında bilik və bacarıqlarının artırılması və onların əl işlərindən ibarət sərginin keçirilməsi kimi məqsəd və vəzifələrin həyata keçirilməsi nəzərdə tutulub

Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 saylı tam orta məktəbin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.